Publik hüquqi şəxslərlə bağlı qanunda nə dəyişib?

Prezident İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, həmin qanuna aşağıdakı dəyişikliklər edilib:

“1. 2.2-ci maddədən “və ya publik hüquqi şəxs tərəfindən” sözləri çıxarılsın.

2. 3.2-ci maddədə “tutulmuş” sözü “tutulduğu” sözü ilə əvəz edilsin.

3. 4.1-ci və 6.3-cü maddələrdə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

4. 4.2-ci maddə ləğv edilsin.

5. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.”.

6. 6.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;”.

7. 6.2.8-ci maddəyə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin.

8. 8.2.1-ci, 8.2.2-ci və 8.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

8.2.2. idarəetmə orqanlarının yaradılması;

8.2.4. strukturun, işçilərin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”.

9. Aşağıdakı məzmunda 8.2.2-1-ci maddə əlavə edilsin:

“8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.

10. 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilsin:

“8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.”.

11. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.”.

12. 8.4-cü maddədə “rəhbər” sözü “idarəetmə orqanlarının rəhbərləri (üzvləri)” sözləri ilə, “verməlidir” sözü “verməlidirlər” sözü ilə əvəz edilsin.

13. 8.5-ci maddədən “rəhbərin” sözü çıxarılsın”.