Ədliyyə Nazirliyi narkotik vasitələrin müayinəsini də həyata keçirəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar inzibati xəta haqqında iş üzrə icraatı aparan orqan (vəzifəli şəxslər) tərəfindən sonrakı istifadə üçün yararlılığının müəyyən edilməsi məqsədi ilə laboratoriya müayinəsinə göndəriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi Qaydası”nda əksini tapıb.

Bu Qayda inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın bilavasitə obyekti olan narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların yenidən istehsala göndərilməsi və ya məhv edilməsi qaydasını müəyyən edir. Müayinə üçün narkotik vasitələr və psixotrop maddələr Ədliyyə Nazirliyinə, etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar isə aidiyyəti məhsulların sınaqlarının aparılması sahəsində akkreditasiya olunmuş sınaq laboratoriyalarına təqdim olunur. Müayinənin nəticəsinə əsasən, xüsusiyyətləri nəzərə alınmaqla, götürülmüş mallar barəsində yenidən istehsala göndərilmə və ya məhv edilmə barədə qərar qəbul edilir. Laboratoriya müayinələrinin nəticələrinə əsasən sonrakı istifadəsi mümkün sayılan mallar yenidən istehsala göndərilir. Malları yenidən istehsal etmək üçün qəbul edən hüquqi və fiziki şəxslər, qanunla tələb olunduğu hallarda lisenziya və ya icazəyə malik olmalıdır. Müayinə nəticəsində sonrakı istifadəsi məqsədəuyğun sayılmayan məhsulların məhv edilməsi barədə qərar verilir. Narkotik vasitələr və psixotrop maddələr barəsində verilmiş qərarın icrasını Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası həyata keçirir.

Etil spirti, alkoqollu və tərkibində spirt olan məhsulların məhv edilməsi  “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”na uyğun həyata keçirilir.