AMEA-da təhsil alan və valideynlərini itirmiş şəxslərə güzəştlər ediləcək

AMEA həmin şəxslərə şəxslərə dərslik və dərs ləvazimatları alacaq, yaxud 36 manat müavinət verəcək

Azərbaycan Milli Elmlər Akademiyasında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması AMEA-nın vəsaiti hesabına təmin ediləcək, yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər AMEA-nı bitirdikləri zaman Nazirlər Kabinetinin “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” qərarına uyğun olaraq, AMEA-n;n  xərclər smetası hesabına 27,5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaqlar.

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılıb.