Bələdiyyə sədri niyə həbs edilib?

Bu gün, noyabrın 21-də Baş Prokurorluğun mətbuat xidməti Quba şəhər Bələdiyyəsinə rəhbərlik etmiş Dəstəbəy Tərlanov ilə bağlı açıqlama yayıb.

Məlumatda yazılıb ki, Quba şəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etmiş D.Tərlanovun əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: «Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb».

Mətbuat xidməti bildirib ki, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hələlik, ittihama D.Tərlanov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb. Həmin ittihamlar üzrə şəxsə 8 ilə kimi həbs verilə bilər.