Haqqı ödənilən ictimai iş necə təşkil olunur?

İctimai işlə mə.ğul olanlar
İctimai iş

Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması və hər ictimai işə görə ayda 300 manat əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Bu barədə Nazirlər Kabineti tərəfindən təsdiq ediən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Vətəndaşlarda sual yarana bilər ki, bəs ictimai iş nədir və bunun üçün necə və hara müraciət edək?

Haqqı ödənilən ictimai iş nədir?

Haqqı ödənilən ictimai işlər (bundan sonra – ictimai işlər) – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları və “DOST” mərkəzləri (bundan sonra – mərkəzlər) qanunvericiliyə uyğun olaraq mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir.

İctimai işlərin aşağıdakı növləri təşkil edilə bilər:

1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;

2. yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri;

3. yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;

4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;

5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;

6. qocalara, əlilliyi olan şəxslərə qulluq;

7. digər sosial əhəmiyyətli işlər.

İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. Müqavilədə ictimai işlərə göndəriləcək işsiz şəxslərin sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.

Əlavə olaraq,

• İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər.

• İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.

• Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.

• İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır.

• İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir.

• Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.

Benefisiar.org