Səyyar Hüquqi Yardım

“Benefisiar” Hüquqi Yardım Mərkəzi Respublikanın müxtəlif şəhər və rayonları üzrə səyyar hüquqi xidmətlər həyata keçirir. Mərkəz tərəfindən müxtəlif bölgələrə, xüsusilə müharibədən zərərçəkmiş bölgələrə səfərlər təşkil edilməklə təcrübəli hüquqşünaslar vasitəsilə vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir. Səyyar hüquqi xidmətlər özündə aşağıdakıları ehtiva edir:

  1. Müxtəlif bölgələrdə yaşayan, aztəminatlı ailələr, şəhid ailələri, qazilər və hüquqi yardıma ehtiyacı olan digər şəxslərlə görüşlərin təşkil edilməsi, hüquqi problemlərinin dinlənilməsi və onlara yerində şifahi hüquqi məsləhətlərin verilməsi;
  2. Vətəndaşların hüquqi problemlərinin həlli üçün ərizə, şikayət və digər müraciətlərin hazırlanması və aidiyyəti üzrə göndərilməsi;
  3. Vətəndaşlara hüquq və vəzifələrinin izah edilməsi, habelə onların maarifləndirilməsi;

Vətəndaşlara aşağıdakı məsələlər üzrə ödənişsiz hüquqi məsləhətlər verilir:

  • Ünvanlı dövlət sosial yardıma müraciətin edilməsi ilə bağlı;
  • Əlilliyin qiymətləndirilməsi, təyin edilməsi, habelə əlilliyin təyin olunmasından imtina edilməsi;
  • Əmək pensiyaları, müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin verilməsi qaydaları;
  • Əlilliyi olan şəxslərin avtomobil, motorlu araba və digər reabilitasiya vasitələri ilə təmin olunması;
  • İşdən çıxarılma, əmək haqqı və məzuniyyət haqqının ödənilməsi, məşğulluğa müraciət qaydası, işaxtaran və işsiz kimi qeydiyyata alınma;
  • Müharibə veteranı statusunun əldə edilməsi, hərbçilərin sosial təminatları, şəhid ailələri, habelə, müharibə dövründə yaşayış sahəsi dağıdılmış zərəçəkmiş şəxslərə maddi və digər sosial təminatlar verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı;
  • Daşınmaz və daşınar əşyalara mülkiyyət hüquqlarının əldə edilməsi, itirilməsi, dövlət qeydiyyatı, mənzilə qeydiyyat və qeydiyyatdan çıxarılma, etibarnamənin verilməsi qaydaları, vərəsəlik;
  • Nikahın pozulması, alimentin məbləğinin artırılması, alimentin ödənilməməsi ilə bağlı şikayətlər, uşaqla görüş hüququ, uşağın xarici ölkəyə aparılması, əmlakın bölgüsü, mediasiya prosesinə müraciət edilməsi qaydası və s. məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Əmək, mülki, inzibati və cinayət işləri üzrə ərizə, şikayət, iddia ərizəsi, etiraz, vəsatət, apellyasiya şikayəti və s. sənədlərin hazırlanması.