Hərbiçilərin ailə üzvlərinin hansı sosial müdafiə təminatları var?

“Hərbi qulluqçuların statusu” haqqında Qanun hərbi qulluqçuların ailələrinin sosial müdafiəsi haqqında bir sıra tədbirlər nəzərdə tutur (sosial müdafiə təminatları Qanunun 21-ci və 29-cu maddələrində nəzərdə tutulub).

Bu hərbi qulluqçular siyahısına zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçular aiddir.

Bu təminatlar əmək hüquq münasibətlərində və sosial təminat məsələlərində nəzərdə tutulub.

“Hərbi qulluqçuların statusu” haqqında Qanuna əsasən əmək münasibətləri sahəsində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan təminatlar aşağıdakılardır:

1) işə qəbul olunmaq və işçilərin sayı və ya ştatı ixtisarı edilərkən işdə saxlanmaq üçün həmin şəxslərə üstünlük verilməsi;

Yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər.

2) istehsalatdan ayrılmaqla hazırlıq və əlavə təhsil müəssisələrinə ilk növbədə göndərilmək və hansı vəzifə üçün hazırlanırlarsa, həmin vəzifəyə uyğun orta aylıq əmək haqqı almaq;

3) qoşun hissələrinin olduğu şəhərlərdə, qəsəbələrdə və kənd yaşayış məntəqələrində hərbi qulluqçuların ailə üzvlərini işə düzəltmək imkanı yoxdursa, hərbi komandanlığın xahişi ilə yerli icra hakimiyyəti başçıları, nazirliklər və baş idarələr, dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən kiçik müəssisələr, filiallar, sexlər, sahələr (istehsalatlar) təşkil edilməsi;

4) hərbi qulluqçuların məzuniyyətdə olduğu dövrdə onların arvadlarına (arzuları ilə) hər il məzuniyyətlər verilməsi;

5) müvəqqəti əmək qabiliyyəti olmadığına görə hərbi qulluqçuların arvadlarına iş stajından asılı olmayaraq aldığı qazanc məbləğində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə (tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasları) uyğun olaraq müavinətlər ödənilməsi;

Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

6) ali və orta ixtisas məktəblərini bitirmiş hərbi qulluqçu arvadlarının (ərlərinin) öz ərinin (arvadının) xidmət yerinə göndərilməsi, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onların müstəqil surətdə işə düzəlməsi;

7) Müəssisə, idarə, təşkilat ləğv edilərkən yerli icra hakimiyyəti başçıları müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları arvadlarını müəssisənin, idarənin, təşkilatın ləğv edilməsindən ən geci iki həftə keçənədək işə düzəltməlidirlər.

“Hərbi qulluqçuların statusu” haqqında Qanuna əsasən hərbi qulluqçuların ailələrinə aşağıdakı əlavə sosial təminatlar nəzərdə tutulur:

– İxtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir.

– Hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir.

– Yerli icra hakimiyyəti başçıları ailədə adambaşına gəlirləri müəyyən edilmiş dolanacaq minimumundan az olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrinə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən məbləğdə və qaydada maddi yardım göstərir.

– Müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilir.

– Yerli icra hakimiyyəti başçıları hərbi qulluqçuların uşaqlarını müraciət anından ən geci bir ay keçənədək idarə mənsubiyyətindən asılı olmayaraq yaşayış yeri üzrə uşaq bağçası-körpələr evlərinə, internat məktəblərə düzəltməlidirlər. Öz uşaqlarının məktəbəqədər tərbiyə müəssisələrində saxlanması haqqını ödəmək üçün hərbi qulluqçulara onların tabe olduqları müvafiq nazirliklər və baş idarələr tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə kompensasiya ödənilir.

– Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.

– Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsinə təminat verilir. Belə ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.

Benefisiar.org

Oxunub: 5378

Əvvəlki məqaləCOVID-19 əleyhinə vaksinasiya üçün necə müraciət edə bilərsiniz? – QAYDALAR AÇIQLANDI
Növbəti məqaləPrezident pensiya ilə bağlı sərəncam imzaladı