Sosial sığorta nədir və o necə tətbiq edilir?

Sosial sığorta“Sosial sığorta haqqında” qanunda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Belə ki, itirilən gəlirlərə əməkhaqları, əməkhaqqına əlavələr, başqa ödənclər və digər xərclər daxildir.

Sosial sığortanın hansı formaları var?

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Sosial sığorta ödəmələrinin hansı növləri var?

Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir:

  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları;
  • Könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • Hamiləliyə və doğuma görə müavinət;
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinət;
  • Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət;
  • Dəfn üçün müavinət;
  • Sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

Sosial sığortanın iştirakçıları kimlərdir?

Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır.

Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. 

Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.

Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.

Azərbaycan Respublikasının vətəndaşlar ilə yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə Əmək Məcəlləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər. Qanuna müvafiq olaraq, hər bir işəgötürən işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar  göstərilməlidir.

Sığorta olunmuş işçi 2021-ci ilin aprel ayından etibarən yeni dəyişikliyə əsasən sığorta olunan şəxs kimi uçota alınaraq sosial sığorta nömrəsi əldə edir, lakin sosial sığorta şəhadətnaməsi tərtib edilmir. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Hüquqşünas
Aynur Bağırova

Oxunub: 726

Əvvəlki məqalə18 yeni ali tibb ixtisası üzrə imtahanların keçirilmə qaydası açıqlandı
Növbəti məqaləVaksin vurdurmayan müəllimlərə maaş veriləcək? – RƏSMİ CAVAB