İşsizlikdən sığorta ödənişi nədir və kimlərə şamil olunur?

Əmək müqaviləsi bağlamaqla çalışan hər bir işçi əmək qanunverciliyində nəzərdə tutulmuş əsaslarla işsizlikdən sığorta ödənişi almaq hüququna malikdir. Qanunvericilik əmək münasibətlərinə xitam verildiyi hallarda işçinin mənafeyini müdafiə edərək itirilmiş əmək haqqının kompensasiya olunması üçün bu təminat formasını nəzərdə tutub.

İşsizlikdən sığorta ödənişini kimlər ala  bilər?

  • dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi;
  • işçilərin və ya dövlət qulluqçularının sayının və ya ştatların ixtisar edilməsi;
  • əmək müqaviləsinin müddətinin qurtarması əsasları ilə əmək münasibətlərinə xitam verilmiş şəxslər;
  • “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınan şəxslər

Müvafiq maddələrlə işdən azad olunan şəxs nə etməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs  ilkin mərhələdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı müraciət edən vətəndaşa münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, sığorta ödənişi təyinatı üzrə qərar qəbul edir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir.

İşsizlikdən sığorta ödənişi hansı müddətə təyin edilir?

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə, ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir. Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

Sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.

Əsas sığorta ödənişinə əlavə hansı hallarda hesablanır?

İşsizlikdən sığorta ödənişi almaq hüququ yaranan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, 23 yaşdan çox olmamaqla) əsas sığorta ödənişinə əlavə almaq hüququ vardır. Əlavənin məbləği hər uşağa görə 5% (lakin 20%-dən çox olmamaq şərtilə) artırılır.

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsinin surəti

Ödənişi almaq üçün şəxs yaşadığı ərazi üzrə Məşğulluq mərkəzlərinə və ya  DOST mərkəzlərinə müraciət edib işsiz kimi qeydiyyata alınmalıdır. Əgər şəxəsin bu ödənişi almaq hüququ yaranarsa, işsizliyə görə sığorta ödənişinin məbləği müraciət etdiyi  aydan etibarən hesablanır.

Hazırladı: Rüxsarə Məmmədova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Hüquqşünas
Rüxsarə Məmmədova

 

Oxunub: 1614

Əvvəlki məqaləAzad olunan ərazilərdə yaşayacaq vətəndaşlarla bağlı plan hazırlanıb
Növbəti məqaləPrezident bu şəxslərə xəbərdarlıq etdi