Kibercinayətkarlıq nədir və hansı növləri var?

Kibercinayətlər dedikdə kompüterlər, kompüter şəbəkələri ilə əlaqəli və ya onları əhatə edən    cinayətlər başa düşülür. Bu cinayətlərin məqsədi kompüter sistemlərinin təhlükəsizliyinə və onlarda olan məlumat (verilənlər) bazasına xələl gətirməkdir.

“Cyber” sözü informasiya texnologiyaları, internet şəbəkəsi, eləcə də virtual reallığa aid olan mürəkkəb sözün bir hissəsi kimi izah olunur.

Kibercinayətkarlıq – kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir. Transmilli cinayətlər – birdən çox ölkənin planlaşdırdığı, icrasında iştirak etdiyi cinayətlərdir.

Kibercinayətkarlığın hansı növləri var?

Avropa Şurasının 2001-ci il “Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına” əsasən kibercinayətləri 5 əsas qrupa bölmək olar:

1) Kompüter məlumatları və sisteminin konfidensiallığı, bütövlüyü və onlara çatımlılıq, o cümlədən qeyri-qanuni çıxış, qeyri-qanuni ələ keçirmə, verilənlərə müdaxilə, sistemə müdaxilə və s. əleyhinə olan kibercinayətlər;

2) Kompüterdən istifadə ilə əlaqəli, yəni kompüterin cinayəti törətmə vasitəsi kimi, xüsusilə informasiya ilə manipulyasiya vasitəsi kimi törədilən kibercinayətlər. Bu qrupa əsasən kompüter dələduzluğu və kompüter saxtakarlığı aiddir.

3) Kontentlə, yəni kompüter şəbəkəsində yerləşdirilmiş verilənlərin məzmunu ilə əlaqədar kibercinayətlər.

4) Müəllif hüquqlarının və əlaqədar hüquqların pozulması ilə bağlı olan cinayətlər;

5) İctimai təhlükəsizliyə təcavüzlə bağlı olan cinayətlər, bu kateqoriyaya kiberterrorizm və terror məqsədləri ilə kiberməkandan istifadə olunması aid edilir.

Azərbaycan Respublikasının Milli Məclisi “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiyanın müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq edilməsi barədə 30 sentyabr 2009-cu il tarixli “Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə Qanun qəbul edib.

Azərbaycan Respublikası, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqələndirici qurum qismində Dövlət Təhlükəsizlik Xidmətini təyin edir.

“Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə Qanunun qeyd-şərtinə görə cinayət məsuliyyəti yalnız o zaman yaranır ki, Konvensiyanın 4-cü maddəsində göstərilən əməllər (kompüter verilənlərinin belə hüquq olmadan qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya təcrid edilməsi) əhəmiyyətli zərərlə nəticələnsin.

Kibercinayətlər zamanı məsuliyyət yaradan hallar hansılardır?

“Kompüter sisteminə qanunsuz daxil olma”, “Kompüter məlumatlarını qanunsuz ələ keçirmə”, “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə”, “Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi”, “Kompüter məlumatlarının saxtalaşdırılması” kimi əməllərə görə Cinayət Məcəlləsində müvafiq maddələrlə (271, 272, 273, 273-1, 273-2) cinayət məsuliyyəti nəzərdə tutulub.

Hazırladı: Rəvanə Mehdili

Oxunub: 269

Əvvəlki məqaləMilli Məclisin iclasının gündəliyinə dəyişiklik edildi
Növbəti məqaləÖlüm qeydiyyatı qaydalarını pozanlar bu miqdarda cərimələnəcək