Evlər hansı hallarda icbari sığortaya cəlb edilir?

Əmlak sığortası zamanı sığortalanan risklər hansılardır?

Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.

Hansı daşınmaz əmlakların sığortası icbaridir?

  • Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayışqeyri-yaşayış sahələrinin, yaşayış evləribinalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

İcbari sığorta müqaviləsini bağlamaq üçün zəruri olan sənədlərin siyahısı:

  • Şəxsiyyət vəsiqəsi;
  • Əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd.

    Sığortanın bu növünün həyata keçirilməsi məqsədi nədir?                                                                                                                                                       

  • Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası hansı zərərlərə görə təminat verir?

  • Onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

 Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləği və sığorta haqqı nə qədərdir?

  1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği- 25000 manat, sığorta haqqı-50 manat;
  2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği- 20 000 manat, sığorta haqqı- 40 manat;
  3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği- 15000 manat; sığorta haqqı- 30 manat.

Qeyd: Bu sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.

Daşınmaz əmlak hansı hallarda icbari sığortaya cəlb olunmur?

  1. sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak ( Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən)
  2. tikintisi başa çatmayan daşınmaz əmlak;
  3. qəzalı vəziyyətdə olan daşınmaz əmlak;
  4. özbaşına tikinti sayılan daşınmaz əmlak.

Yaşayış binası icbari sığorta etdirilmiş olduğu halda, həmin binada yerləşən qeyri-yaşayış sahələrinin bu  məqsədlər üçün icbari sığorta etdirilməsi tələb olunmur.

Bu zaman nəzərdə tutulan sığorta hadisələrinə nələri aid etmək olar?

1) yanğın, ildırım düşməsi;

2) məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

3) elektrik naqillərində baş verən qısa qapanma;

4) buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

5) su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

6) hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

7) yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

8) təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

9) üçüncü şəxslərin hərəkətləri.

Daşınmza əmlakın bu hallarda zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

Bu hallardan başqa risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir.

Hansı hallar sığorta hadisəsi sayılmır?

1) sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

2) sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

3) hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

4) qrunt sularının səviyyəsinin dəyişməsi;

5) suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə nəzərdə tutulan tədbir nədir?

  • Müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-
  • fiziki şəxslər 30 manat məbləğində,
  • vəzifəli şəxslər 80 manat məbləğində,
  • hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
  • Bu zaman inzibati məsuliyyətə cəlb olunan şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb oluna bilməz.

Tərəflər arasında yaranan mübahisələr hansı üsulla tənzimlənir?

  • Tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmayan mübahisələr səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.

Qeyd: İcbari sığortası olmayan daşınmaz əmlakla bağlı cəriməni yerli icra hakimiyyəti orqanları tətbiq edə bilər. Lakin cərimənin tətbiq edilməsi üçün cərimə mexanizmi olmalıdır, əks halda cərimə tətbiq oluna bilməz.

Hazırladı: Aynur Məhərrəmli – hüquqşünas

Oxunub: 899

Əvvəlki məqaləAvtomobillə daşımalara icazə üçün dövlət rüsumları müəyyənləşir
Növbəti məqaləPrezident bu tikinti obyektləri ilə bağlı fərman imzaladı