Sığorta ödənişinin verilməsindən hansı hallarda imtina olunur?

Sığorta ödənişi nədir?

  • Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Sığorta ödənişinin məbləği necə müəyyən edilir?

  • Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunlarıilə, könüllü sığortada müvafiq sığorta müqaviləsi ilə müəyyən edilir.

Mülki Məcəllədə nəzərdə tutulmuş hansı hallarda sığorta ödənişi verilmir?

  • Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Qeyd olunan tələblərə əməl edilməməsi nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olarsa, bu halda sığorta ödənişinin verilməsindən imtina edə bilər. 
  • Müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
  • Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi.

Qeyd: Bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olacaqdı.

  • Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini, dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
  • Əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam şəkildə zərər vurulmasında təqsirli olan şəxsdən alması;

Qeyd: Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

  • Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
  • Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödəniş müddəti başa çatdıqdan 15 gün sonra, Mülki Məcəllədə nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin (sığortaçı sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə onun ödənilməsi üçün yazılı surətdə 15 günədək müddət müəyyən edə bilərbaşa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilmədikdə.

“İcbari sığorta haqqında” Qanunda nəzərdə tutulmuş hansı hallarda sığorta ödənişinin verilməsindən imtina olunur?

  • hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
  • sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
  • sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
  • sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda.

“İcbari sığorta haqqında” Qanuna əsasən əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur və həmin hallar baş verdikdə sığorta ödənişi verilmir:

  • sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;
  • sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;
  • hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;
  • qrunt sularının səviyyəsinin dəyişməsi;
  • suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Hazırladı: Rəvanə Mehdili – hüquqşünas

Oxunub: 359

Əvvəlki məqaləBu uşaqlarla bağlı qanuna edilən dəyişiklik təsdiqləndi
Növbəti məqaləPensiya kapitalının vaxtından əvvəl, birdəfəlik əldə edilməsi mümkündürmü?