Vəkil hansı hallarda dövlət hesabına hüquqi yardım göstərir?

Dövlət hesabına hüquqi yardımın göstərilməsi

Dövlət bəzi kateqoriyalara məxsus şəxslərin məhkəmələrdə təmsil olunmaları üçün öz hesabına həmin şəxsləri pulsuz vəkillə təmin edir və ya bəzi vəkillərin xidmət haqqını ödəyir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun bu xidmətin şamil olunduğu şəxslər dairəsinə aşağıdakıları daxil edir:

  • İnzibati qaydada tutulmuş şəxslər;
  • Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslər;
  • Məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslər;
  • Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil;
  • Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara xidmət göstərən vəkil.

Əlavə olaraq, dövlət tərəfindən təmin olunan pulsuz vəkil xidməti aşağıdakı sahələri əhatə edir:

Cinayət işləri

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193-cü maddəsi müdafiəçinin hüquqi yardımının ödənilməsi ilə bağlı müddəaları əks etdirir. Həmin maddəyə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı vacibdirsə, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bu halda məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Bundan əlavə, şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə əgər cinayət prosesini həyata keçirən orqan müdafiəçinin iştirakını zəruri hesab edərsə, məhkəmə öz qərarı əsasında şübhəli və ya təqsirləndirilən şəxsin pulsuz müdafiəsini təmin edir.

İnzibati xətalara dair işlər

İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.

Mülki işlər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilən son dəyişikliklərə əsasən artıq vəkillərin mülki işlərdə də dövlət hesabına xidmət göstərmələri təmin olunur. Bu halda ilkin şərt kimi vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallardan birinin mövcudluğu olmalıdır. Belə ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallara daxildir:

  • Kassasiya və əlavə kassasiya qaydasında baxılan işlər;
  • Məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılan işlər.

Bundan əlavə, bəzi hallarda dövlət hesabına pulsuz vəkillə təmin olunma xidməti həm də birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxslərə də şamil oluna bilər. Bu halda şəxslərin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Həmin şəxslərin dəqiq siyahısı qanunla müəyyən edilmişdir:

  1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
  2. İnsan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;
  3. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
  4. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  5. Müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;
  6. Maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Vəkillərə ödənilən məbləğ:

“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti qərarına əsasən, hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir.

Hazırladı: Tural Həsənov – hüquqşünas

Oxunub: 271