Azərbaycanda hakimlərin say tərkibi

Sübhan Həsənli, hüquqşünas

 

“Onların qarşısında hökumətlər sanki “dəniz ləpələritək gəlib küləklə sovrulurlar”. Onlar nazirlərə hesabat verməli deyildir və dövlət xidmətində olduqları dövrdə olan kimi hökumətə münasibətdə loyal olmamalıdırlar. Hakimlər sanki taxtı qoruyan girlərdir, lakin həmin taxtda hökmdar yox, qanun və ictimai maraqların hakimlər tərəfindən anlaşılması hökmranlıq edir. Onlar yalnız qanuna və cəmiyyətin obyektiv tələbatlarının dərk edilməsinə sadiqdirlər. Hakimlərin qüdrəti və zəiflliyi məhz bundadır və məhz buna görə onlar cəmiyyət üçün dəyərli olmaqla yanaşı qorxunc qüvvəni də təşkil edirlər

J.A.G. Griffith

Hakimlərin müstəqilliyi və tərəfsizliyi məhkəmə hakimiyyətinin ədalətli şəkildə həyata keçirilməsinin əsas şərtlərindən biridir.  Hakimlərlə bağlı qəbul edilən “Hakimlərin Davranışı üzrə  Banqolar Prinsplərində” Hakimlərin müstəqilliyi ilə bağlı hissədə qeyd edilir ki, “Məhkəmə orqanlarının müstəqilliyi hüququn üstünlüyünün  təmin olunmasının ilkin şərti və işin məhkəmədə ədalətli həll edilməsinin əsas təminatı sayılır. Müvafiq olaraq, hakim məhkəmə orqanlarının müstəqilliyi prinsipini həm fərdi, həm də institusional aspektlərdə həyata keçirməli və müdafiə etməlidir”.[1]  Hakimlərin qərəzsizliyi dedikdə isə,  Banqolar prinsplərində qeyd edilir ki, Hakimin obyektivliyi onun öz vəzifələrini lazımi qaydada icra etməsinin zəruri şərti sayılır. O, təkcə çıxarılan qərarın məzmununda deyil, həm də onun çıxarılmasını müşayiət edən bütün prosessual hərəkətlərdə təzahür edir.

Müstəqil və tərəfsiz məhkəməni təmin etmə yükü isə təbii olaraq dövlətlərin üzərindədir.  Hakimlərin say tərkibi isə əslində onların müstəqilliyi və tərəfsizliyi ilə dolayı yolla bağlı bir məsələdir. Nəticə etibarı ilə məhkəmələr ədalət paylayıcısıdır. Ədalət paylanarkən isə, onun gec paylanması yəni işlərə gec baxılması, qərarların yubanması insanlarda məhkəmələrə qarşı aqressiya yarada bilir. Digər tərəfdən məhkəmələrə qarşı olan inamsızlıq insanların öz işlərini “məhkəmədən kənar” yollarla həll etməsinə yönəldə bilir ki, son nəticədə adi bir mülki işin kriminal hadisələrlə nəticələnməsi baş verə bilər.[2]

Bu səbəbdən hakimlərin sayının çoxluğu onların iş yükünün azalmasına və vətəndaşların öz haqqlarına tez bir zamanda qovuşaması üçün önəmlidir.  Azərbaycanda hakimlərin say tərkibinə nəzər yetirdikdə, Azərbaycanda  480 hakim olduğu görünür[3]. Hakim ştatı isə 600 nəfər təşkil edir. Nəzərə alsaq ki, statistika komitəsinin məlumatlarına əsasən ölkə əhalisinin sayı 2018-ci ilin aprel ayında   9 911 472 nəfər[4] təşkil etmişdir, belə olan halda 100000 nəfərə ölkə üzrə 5 hakim düşür. “Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının” (bundan sonra CEPEJ) 2016-cı il üçün (2014-cü il məlumatları ilə) yaydığı hesabatda[5]  Aərbaycanda hər 100000 adama 6 hakim düşdüyü qeyd edilir. Yəni, ölkədə 2 il ərizində hakimlərin sayında artış yerinə, azalma müşahidə edilmişdir. CEPEJ-in Avropa Şurası üzrə araşdırmasında 100000 nəfərə düşən hakim sayı ortalaması (47 ölkə üçün) 21 olaraq müəyyən edilmişdir. “Şərq Tərəfdaşlığı ölkələrindən olan Ermənistanda 2017-ci il rəqəmlərinə görə 226 hakim vardır[6] . Nəzərə alsaq ki, Ermənistanda 2017-ci il məlumatlarına görə təxminən 3 milyon insan vardır[7], o zaman Ermənistanda 100000 adama 7.5 hakim düşdüyünü görərik. Bu əlbəttə avropa standartlarının aşağısında olsa da, Azərbaycandan yüksək nəticədir. Digər tərəfdən, CEPEJ-in statistikasına görə, Azərbaycanda 2003-cü ildə 333 hakim olmuşdur[8]. Eyni dövrdə ölkədə Satistika Komitəsinin məlumatlarına əsasən, 8349100 nəfər adam qeydə alınmışdır[9]. Bu isə hər 100000 adama 4 hakim deməkdir. Buradan belə nəticəyə gəlmək olar ki, ölkədə adambaşına düşən hakim sayı 15 il ərizində çox cüzi artım göstərmişdir.

Avropa Birliyinin 2017-ci il üçün nəşr etdiyi “Ədalət Tabolusuna” baxdıqda, Avropada adambaşına ən çox hakim düşən ölkənin Lüksemburq olduğunu görərik[10](təxminən 45) Adambaşına düşən hakim sayına görə ən sonuncu yerdə qərarlaşan ölkə isə İngiltərədir (Təxminən 5-6) hakim. Bunun səbəbi isə, İngiltərədə özünəməxsus məhkəmə sisteminin olmasıdır[11]. Hər bir halda, inkşafda olan dövlətlərdə, müstəqilliyini yeni qazanmış və sistemi tam oturuşmamış ölkələrdə hakimlərin sayının avropa standartlarına çatdırılmasına böyük ehtiyac vardır. Xüsusən son dövrlərdə bank sistemindəki problemlərlə əlaqədar olaraq  məhkəmə işlərinin sayındakı nəzərəçarpan artış[12] hakimlərin sayının artırılmasını daha da zəruri edir.

 

[1] https://rm.coe.int/168066d6b9

[2] https://oxu.az/criminal/243856  http://qafqazinfo.az/news/detail/celilabad-sakini-borca-gore-doyuldu-211212

http://1news.az/az/mobile/news/sumqayitda-genc-oglani-borca-gore-doyub-qebiristanliqda-diri-diri-basdiriblar

[3] https://courts.gov.az/az/main/judges

[4] http://news.lent.az/news/298482

[5]https://www.coe.int/t/dghl/cooperation/cepej/evaluation/2016/publication/REV1/2016_1%20-%20CEPEJ%20Study%2023%20-%20Overview%20-%20EN.pdf

[6]https://ec.europa.eu/neighbourhood-enlargement/sites/near/files/eni_2017_040664_consolidation_of_the_justice_system.pdf

[7] http://www.gov.am/en/demographics/

[8] https://rm.coe.int/evaluation-of-azerbaijan-judicial-system-country-republic-of-azerbaija/16807899c3

[9] https://www.stat.gov.az/menu/6/buklet/infoqrafika.pdf

[10] https://ec.europa.eu/info/sites/info/files/justice_scoreboard_2017_en.pdf

[11] https://www.judiciary.gov.uk/wp-content/uploads/2016/05/international-visitors-guide-10a.pdf

[12] http://news.lent.az/news/283950 http://fins.az/bank/929614/bank-sahesi-ile-bagli-mehkemeye-gonderilen-cinayet-islerinin-sayi-artib.html

 

Oxunub: 282