Əlilliyin müəyyən olunması meyarları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarına görə əlillik dərəcələri aşağıdakı meyarlar əsasında təyin edilir.

Birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Qüsurların və ya funksiya pozğunluqlarının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs, xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər.

Birinci dərəcə əlillik aşağıda nəzərdə tutulan hallarda təyin edilir:

● qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı;

● talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom;

● üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi;

● xroniki böyrək çatışmazlığının terminal mərhələsi;

● xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi;

● ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir);

● inkurabel onkoloji xəstəliklər;

● ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri;

● hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması);

● iki ətrafın güdülü;

● birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü;

● hər iki bud-çanaq oynaqlarının ankilozu;

● etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar);

● davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar;

● şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı;

● İİV-infeksiyasının IV(QİÇS) mərhələsi, terminal vəziyyət.

İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

İkinci dərəcə əlillik aşağıda nəzərdə tutulan hallarda təyin edilir:

● ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı;

● ağır formalı bədxassəli qan xəstəlikləri;

● ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə;

● ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri;

● ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir);

● ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri;

● endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər;

● etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması;

● qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri;

● hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması;

● epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə;

● hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, II – III dərəcəli arterial və ya venoz çatışmazlığı ilə;

● İİV-infeksiyasının III və IV (QİÇS) mərhələləri;

● lokalizasiyasından asılı olmayaraq, III – IV mərhələ bədxassəli şişlər;

● xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.

Üçüncü dərəcə əlillik travma, xəstəlik və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin (sosial uyğunlaşma, ünsiyyət, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur.

Üçüncü dərəcə əlillik aşağıda nəzərdə tutulan hallarda təyin edilir:

● ətraflardan birinin yalançı oynağı;

● dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması);

● əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi;

● epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla);

● astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya;

● ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində;

● II mərhələ bədxassəli şişlər;

● İİV-infeksiyasının I-II mərhələləri;

● uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar.

Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir.

İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

Benefisiar.org

Oxunub: 7852