Ünvanlı sosial yardım necə verilir?

Ailəni təmsil edən əmək qabiliyyətli şəxs sosial yardım alınması üçün müraciət edə bilər.

Bunun üçün öncə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti nümayəndəliklərinin “ailə tərkibi haqqında” arayışı və həmin arayışa əsasən notarial qaydada təsdiq olunmuş “təmsilçilik barədə” ərizə əldə edilməlidir.

Təmsilçi kompüter və ya mobil telefondan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) daxil olmalı və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olaraq müraciət etməlidir.

Vətəndaşlar “Ərizə-bəyannamə”ni dolduran zaman nələrə diqqət etməlidir?

  • Ailə tərkibinin, y aşadığı ünvanın düzgün göstərilməsi;
  • Ailənin bütün növ gəlirləri və əmlakının dəqiq bəyan edilməsi;
  • Müraciətdən əvvəl 12 ay ərzində kredit götürülübsə, bu barədə məlumat verilməsi;
  • Torpaq pay mülkiyyətinin olması barədə məlumatın verilməsi və sığortaedənin uçot nömrəsinin (SUN) göstərilməsi;
  • Qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərin dəqiq bəyan edilməsi.

Ünvanlı sosial yardım necə təyin edilir?

Müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır, qeyd edilmiş məlumatlar yoxlanılır, ailənin maddi-məişət şəraitinin müayinəsi keçirilir və müvafiq qərar qəbul edilir. Sosial yardım üçün müraciət ayın 1-indən etibarən 2 il müddətinə təyin olunur.

Ünvanlı sosial yardım üçün müraciətdən hansı hallarda imtina edilir?

  • “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edildikdə;
  • Müraciətdən əvvəlki son 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda;
  • Müraciətdən əvvəlki son 12 ay ərzində ölkə üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı edildikdə;
  • Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda;
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə;
  • Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda;
  • Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda: 2019-cu il üçün yaşayış minimumu 180 manat təşkil etdiyindən bu məbləğ 180:10=18 manatdır.

Misal: adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği 18 manat olduğundan, 5 nəfərlik ailədə bu rəqəm 18*5=90 manat təşkil edəcəkdir.

Ünvanlı sosial yardımla bağlı müraciət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən imtinadan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər. (Benefisiar.org)

 

Oxunub: 4875

Əvvəlki məqaləÖvladlığa uşaq götürmə proseduru dəyişir
Növbəti məqalə“İşsizin dostu” proqramına kimlər cəlb olunur?