Şəhid ailəsinin üzvlərinə hansı təminatlar nəzərdə tutulub?

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

• ər-arvad;

• valideyn;

• 18 yaşına çatmamış uşaqlar;

• 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

• qardaşlar və bacılar;

• uşaq evlərində tərbiyə olunanlar;

• peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:

1. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq şəhid ailəsi üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Şəhidin pensiya hüququ olmadıqda ailə başçısını itirməyə görə hər bir ailə üzvü 80 manat məbləğində müavinət alır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

2. Şəhidin hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət verilir;

Həmin aylıq müavinət 2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 21 manat məbləğində müəyyənləşdirilmişdir.

3. İşçilərin sayı və ya ştat ixtisarı edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

4. Mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;

Kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.

5. Həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;

6. Dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;

7. Tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. Belə ki, bu statusu almış ailə üzvləri sırasında işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunurlar.

Onu da qeyd edək ki, şəhid ailəsi üçün 2006-cı il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsis olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği hal-hazırda 500 (beş yüz) manat müəyyən edilmişdir.

Şəhid ailəsinə təyin olunan 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilir. Bundan əlavə Şəhidin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımının ödənilir (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən);

8. 1 yanvar 2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda (kredit), yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.

9. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

10. Şəhid ailəsi üzvlərinə postmüharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

11. Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;

12. Şəhid ailə üzvləri üçün kvotadan əlavə iş yerləri yaradıla bilər.

Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

Qeyd: Yazı sayta yerləşdirildiyi tarixdən sonra yenilənib.

Benefisiar.org

Oxunub: 5314

Əvvəlki məqaləTəhsil müəssisəsi bu əsaslarla dərnəklər təşkil edə biləcək
Növbəti məqaləTəhsil Nazirliyi səfərbərliklə bağlı bu qaydalara dəyişiklik etdi