Polislə əməkdaşlıq etmək istəyənlərlə bağlı qaydaya dəyişiklik edildi

İctimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşlar üçün boy hədləri müəyyən edilib.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Kollegiyasının “İctimai asayişin qorunmasında vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası”nda etdiyi dəyişikliyə əsasən, ictimai asayişin qorunmasında iştirak etmək istəyən kişilərin boyu 175 sm-dən, qadınların boyu isə 170 sm-dən aşağı olmamalıdır.

İndiyədək Qaydada belə tələb olmayıb.

Qaydaya əsasən, indiyə qədər ictimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşların ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilib. Dəyişikliyə əsasən, ictimai asayişin qorunmasında iştirak etmək istəyən vətəndaşların fiziki inkişaf göstəricilərinin, ümumi dünyagörüşünün, şəxsi və işgüzar keyfiyyətlərinin, insanlarla ünsiyyət yaratmaq bacarığının, habelə ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə onların sıra baxışı və aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçiriləcək.

İndiyə qədər daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilirdisə, artıq bu müddət 6 aya endirilib.

Qeyd edək ki, bu Qayda vətəndaşların ictimai asayişin qorunmasında polis orqanları ilə əməkdaşlığının təşkili ilə bağlı məsələləri tənzimləyir. İctimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı onların ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur və bu, onların qanunvericiliklə qadağan olunmayan fəaliyyətlə məşğul olmalarını istisna etmir.

Əvvəlki məqaləAbonentlər ağıllı sayğaclarla təchiz ediləcək
Növbəti məqaləMMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər