Universitetlərdə tədris həm əyani, həm də onlayn olacaq?

Bu gündən bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub.

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın (Qaydalar) tələblərinə görə, ali təhsil müəssisələrində auditoriyalarda tələbələrin sayı auditoriya tutumunun 70%-dən çox olmamalıdır. Bu səbəbdən universitetlərdə dərslərin necə təşkil edilməsi ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirdik.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva APA-ya açıqlamasında bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar tələbə sıxlığının aradan qaldırılması məqsədilə mövcud maddi-texniki bazanı, auditoriya fondunu və auditoriyaların tutumunu, habelə 2021-ci ildən başlayaraq Bakı Dövlət Universitetində “BLACKBOARD” elektron təhsil sisteminin tətbiqi ilə mühazirə dərslərin onlayn formada keçirilməsi üçün müvafiq şəraitin olduğunu nəzərə alaraq, mühazirə dərsləri “BLACKBOARD” platforması üzərindən onlayn formada, məşğələ və laboratoriya dərsləri isə ənənəvi qaydada keçiriləcək: “Əyani formada dərslər iki növbədə olmaqla təşkil olunacaq. Bunun üçün də auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə ediləcək”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin ali məktəblərdə dərslərin təşkili qaydası ilə bağlı qərarına uyğun olaraq AzTU-da auditoriyalardan eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla (tələbələr arasında 1 metr məsafə saxlanılmaqla) istifadə olunacaq: “Professor-müəllim heyətinin eyni zamanda müəllim otağına, kafedraya toplaşması məhdudlaşdırılacaq. Sıxlıq yaranmaması üçün tələbələrin universitetə daxil olması iki ayrı qapıdan həyata keçirilib. Azərbaycan Texniki Universitetində tədris həm ənənəvi, həm də onlayn təşkil olunub. Həftənin 1, 3 və 5-ci günləri dərslər onlayn olacaq. Həmin günlər mühazirə dərsləri keçiləcək. Məşğələ dərsləri isə həftənin 2-ci və 4-cü günləri ənənəvi formada təşkil ediləcək. Sentyabrın 29-u 3-cü gün olduğu üçün 2, 3 və 4-cü kursların dərsləri onlay təşkil olunub. 1-ci kurslar isə universitetə tanışlıq üçün dəvət edilib. Birinci kursların əksəriyyətinin 18 yaşı tamam olmadığı üçün onlardan COVID-19 pasportu tələb olunmur. İlk olaraq tələbələrin temperaturu yoxlanılır. Bunun üçün hər qapıda 10 əməkdaş xidmət göstərir. Hər iki qapıda ümumilikdə 10 turniket quraşdırılıb. Onu da qeyd edim ki, turniketdən istifadə etmək üçün tələbələrə smart kartlar paylanılır. Tələbələrin COVID-19 pasportu da həmin smart karta inteqrasiya olunub. Bu da o deməkdir ki, turniketdən istifadə zamanı vaksinasiyadan keçən və keçməyən tələbələr (18 yaşdan yuxarı) avtomatik müəyyən olunur. 18 yaşdan yuxarı COVID-19 pasportu və ya immun sertifikatı olmayan tələbələr universitetə buraxılmayacaq.

Qeyd edim ki, artıq tələbələrin 83%-i, müəllim və əməkdaşların isə 92%-i vaksinasiyadan keçib”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinə direktoru Bəhruz Nəzərov APA-ya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, auditoriyalarda tələbələrin ümumi sayı auditoriyanın ümumi tutumunun 70 faizindən çox olmamalıdır: “Buna əsasən, bizdə sosial məsafə gözlənilməklə tələbələr auditoriyalara gələrək əyani formada dərsə başlayıblar. Eyni zamanda, aydın məsələdir ki, 30 nəfərlik qrupun 70 faizi 20-21 nəfər edirsə, yerdə qalan hissəsinin necə olacağı sual doğurur. Qeyd edim ki, həmin tələbələr üçün onlayn qaydada dərsə qoşulmaq imkanı yaradılıb. Yüksək keyfiyyətli audio, video avadanlıqlar alınıb ki, onların maksimal şəkildə dərslərdə canlı iştirak effekti yaransın. İki həftə ərzində tələbələrin bir qismi universitetə gəlir, digər qismi onlayn qoşulur. İki həftə sonra isə onlayn qoşulan tələbələr əyani dərsə gəlir, əyani dərsə gələnlər isə onlayn qoşulur. Bu, 15-17-18 nəfərlik qruplara şamil edilmir. Auditoriya tutumu 17-18 nəfərlik qrupların tam şəkildə əyani qaydada dərsə gəlməsinə imkan verilir. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bilirsiniz ki, karantin qaydalarına uyğun olaraq tədrisin əyani şəkildə təşkil olunması ilə bağlı universitetlərə müəyyən səlahiyyətlər verilmişdi ki, özləri lazım bildikləri formada təşkil etsinlər. Bu isə imkan verir ki, hansısa tələbə koronavirusa yoluxacağı halda məsafədən yenə də onlayn şəkildə dərsdə iştirak edə bilsin. Yoluxan tələbənin qrup yoldaşları da ona yaxın olduğu üçün müəyyən vaxt təcrid olunacağı üçün onlar da onlayn qaydada iştirak edə biləcək. Universitetdə olan zaman hansısa əməkdaş və ya tələbənin testi pozitiv çıxarsa, onlar üçün hər korpusun hər mərtəbəsində təcridolunma otaqları ayrılıb. Universitetdə bu vəziyyətə nəzarət etmək üçün İşçi qrup da fəaliyyət göstərir ki, operativ işlər görülsün. Bu gün ilk dərs günü olsa da, sıxlıq yaşamadıq, bu, bir tərəfdən universitetə giriş-çıxışın şaxələndirilməsi ilə əlaqədardır. Çünki alternativ olaraq 5 giriş-çıxış yaradılıb. Hər bir girişdə dezinfeksiya kameraları quraşdırılıb. Termovizorlar da 6-8 metr məsafədən universitetə daxil olan hər kəsin temperaturunu ölçür və kompüterə ötürür. Biz əvvəldən bilirik ki, kiminsə hərarəti var, ya yox. Xoşbəxtlikdən bu gün belə bir hal olmayıb. Bizim universitetin 16 500 tələbəsi var. Onlardan 2000-i magistratura tələbəsidir, onlar üçün tədris 18:30-da başlayır. Təxminən 1000 nəfər isə universitetin nəzdində olan ixtisasartırma və yerdən hazırlanma institutunda oxuyur, onların öz qrafiki var. Onlar hansısa qurumların əməkdaşlarıdır, ikinci təhsili alırlar. Təxminən 500 nəfər isə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin tələbəsidir, onların binası ayrıdır. Yerdə 13 000 min tələbə qalır. Bizdə dərslər iki növbəli, hər növbədə təxminən 6500-7000 tələbə olur. Biz onları qərara uyğun olaraq, 70 faizi keçməmək şərtilə bölüşdürəndə ki, bir qismi onlayn qoşulsun, bu zaman eyni anda 3500-4000 tələbə əyani dərsə gəlir. Bu prosesin idarə olunması da asan şəkildə həyata keçirilir ki, sıxlıq yaranmasın. Hər bir tələbə ay ərzində təxminən 10 gün universitetdə olur. Bu da növbəli şəkildə həyata keçirilir, bu isə əyani tədrisi keyfiyyətli şəkildə təmin etməyə imkan yaradır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov APA-ya bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 tədris binası və 5 bölgə filiallarında ənənəvi tədris bu gündən bərpa olunub: “Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb olunur. 18 yaşı tamam olmayan tələbələrdən isə şəxsiyyət vəsiqəsi istənilir. Nazirlər Kabinetinin qaydalarına tam ciddi riayət olunur. Bunun üçün universitetin fakültələrində dərslər tələbə sayı və auditoriya tutumundan asılı olaraq 2 və ya 3 növbədə təşkil olunur. Universitetin fakültələrində də eyni qaydada tələbə sayından və auditoriya tutumundan asılı olaraq müxtəlif kurslar və ixtisaslarda mühazirələr onlayn qaydada təşkil olunacaq. Bu baxımdan fakültələrdə dərslərim üst-üstə düşməməsi üçün müxtəlif fakültələrdə müxtəlif günlərdə – həftədə 2 gün dərslər onlayn təşkil olunur. Bəzi hallarda şənbə günləri də onlayn dərslər təşkil olunacaq. Bu gün dərslərin ilk günü olsa da, izdiham qeydə alınmayıb. Giriş çıxışlarda sosial məsafə, maska və digər qaydalara tam riayət olunub”.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı APA-ya bildirib ki, ADU-da tədris Nazirlər Kabineti yanında Operativ Qərargahın və Təhsil Nazirliyinin mövcud təlimatlarına uyğun olaraq təşkil edilir, bu gün hər hansı narahatlıq doğuran problemlər qeydə alınmayıb: “I kursa gələn tələbələrin yanında valideynlərinin gəlməsi ilə əlaqədar müəyyən sıxlıq var idi, bu isə böyük universitetləri hamısında olmuşdu. Hesab edirəm ki, bu, anlaşılandır, valideynlər övladlarını ilk dəfə ali məktəbə gətiriblər. Növbəti günlərdə bu problem olmayacaq. 18 yaşdan yuxarı tələbələrin mütləq şəkildə COVİD pasportu olmalıdır. Vaksin olunmayan tələbələr universitet binasına buraxılmır. Digər böyük universitetlərdən fərqli olaraq, ADU-da mühazirələr zamanı kütləvi şəkildə tələbələr olmur. Qruplarda maksimum 30-35 tələbə olur, çünki burada spesifik ixtisaslardır. Hətta regionşünaslıq fakültəsində müxtəlif regionlar üzrə ixtisaslar var ki, onlar, ümumiyyətlə, kiçik qruplar şəklində olur. Universitetdə distant dərslər olmayacaq və tələbələr hamısı əyani formada dərsə gələcəklər. I-III kurslar 08:30-da dərslərə başlayır, II-IV qruplar isə 13:20-də. Kurslar arasındakı əlaqə da koordinasiyalı şəkildə qurulur ki, bir növbə çıxanda o biri növbə ilə qarşılaşmasın və sıxlıq olmasın”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva APA-ya açıqlamasında bildirib ki, universitetdə dərslər hibrid formada, yəni, həm distant, həm də əyani olacaq. Auditoriyanın tutumu 70%-i ötən dərslər onlayn formada olacaq, digər dərslər isə əyani qaydada. Yəni həftənin 2-3 günü dərslər əyani, digər 2-3 günü isə distant formada keçiləcək. Əyani dərslərdə də tələbələr 1 metr məsafə gözlənilməklə bir-bir oturur.

Azərbaycan Diplomatiya Akademiyasının mətbuat katibi Şəbnəm Məhərrəmova APA-ya deyib ki, ADA Universitetinin sinif otaqlarında eyni vaxtda mövcud yerlərin 70 faizdən çoxu dolmamaqla tədris prosesi təşkil edilib, bütün dərslər əyani formada keçiriləcək. Sentyabrın 20-dən isə artıq distant dərslərə başlanılıb.

Azərbaycan İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova APA-ya bildirib ki, UNEC-də mühazirələr onlayn formada, seminarlar isə ənənəvi qaydada keçiriləcək.

Bakı Slavyan Universitetinin Mətbuat və İnformasiya Şöbəsinin müdiri Mansur İbrahimov APA-ya deyib ki, BSU-da mühazirə dərsləri onlayn formada keçiriləcək.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Hüseynova isə APA-ya deyib ki, bütün dərslər əyani formada olacaq, çünki bütün mühazirələr zamanı tələbə sayı çox olmur.

Əvvəlki məqaləBaş nazir bu sosial müavinətin verilməsi ilə bağlı qərar imzaladı
Növbəti məqaləSabahdan bu qadağalar ləğv olunur