Ər və arvadın ortaq mülkiyyəti hansılardır?

Ailə Məcəlləsinin tələblərinə əsasən ər-arvadın nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onların əmlakdakı payı bərabər hesab olunur.

Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Nikahdan sonra ərin və ya arvadın adına alınmış, rəsmi dövlət qeydiyyatı olan fərdi yaşayış evi, mənzil, torpaq sahəsi, avtomobil tərəflər arasında bərabər bölünür. Qaynananın və qaynatanın adına olan, nikahdan əvvəl alınan, hədiyyə şəklində əldə edilmiş əmlak tərəflərin hər birinin özünə aiddir və boşanmadan sonra da şəxsin özündə qalır. Boşanma zamanı uşaqlar üçün əlavə pay müəyyən edilmir. Uşaqlar valideynlərin vəfatından sonra vərəsə kimi əmlaka sahiblik edə bilir.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Əgər nikahdan əvvəl tərəflərdən biri daşınmaz əmlak əldə etmək məqsədilə alğı-satqı müqaviləsi bağlamış, ancaq əmlakın əldə olunması tərəflərin nikahda olma müddətinə düşmüşdürsə, həmin əmlak alğı-satqı müqaviləsində tərəf kimi çıxış edən şəxsin mülkiyyətində qalır.

Ər-arvadın ümumi əmlak üzərində sahiblik, sərəncam və istifadə hüququ olan qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan şəxs tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və ya qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

 

Oxunub: 2446

Əvvəlki məqaləDövlət əmlakları üzrə icarə haqqı və minimum tariflər artırılır
Növbəti məqaləŞagirdlərin yerdəyişməsinə başlanılır