İcarəyə götürülmüş avtomobillərdəki nasazlığa görə məsuliyyəti kim daşıyır?

Azərbaycanda avtomobillərin kirayəyə (icarəyə) verilməsi geniş yayılıb. Hazırda ölkədə həm hüquqi, həm də fiziki şəxslərdən maşın kirayə edib taksi xidməti göstərənlər, müxtəlif məhsullar daşıyanlar, turistləri gəzdirənlər kifayət qədərdir. Bəs kirayəyə götürülmüş avtomobil qəzaya uğrayarsa və yaxud avtomobildə hansısa texniki nasazlıq yaranarsa, məsuliyyəti kim daşıyır? “Report” bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, kirayə müddətində ortaya çıxan problemlərin həlli avtomobil sahibi ilə icarədar arasında bağlanılan müqavilə ilə tənzimlənməlidir: “Hər iki tərəf bu müqaviləni diqqətlə oxuyub, şərtləri ilə tanış olmalıdır. Müqavilədə avtomobil qəzaya uğradıqda və yaxud xarab olduqda kimin və hansı formada məsuliyyət daşıması qeyd edilməlidir. Adətən kirayəyə verilən avtomobillərin sığortası olur. Azərbaycanda qanunla mühərrik həcmi 50 kub santimetrdən yuxarı bütün nəqliyyat vasitələrinin icbari sığortası olmalıdır. Eyni zamanda bəzi kirayə şirkətləri avtomobillərin kasko sığortasını da edirlər ki, bu da yaxşı haldır. Kirayətə avtomobil götürən şəxs mütləq avtomobilin icbari sığortasını tələb etməlidir. Hətta vətəndaşlarımız kasko sığortalı avtomobilləri kirayəyə götürsələr, daha yaxşı olar. Əgər maşının kasko sığortası yoxdursa, avtomobil sahibi bunu da müqavilədə qeyd etməlidir ki, kirayə götürən şəxs onun ucbatından olmayan hadisələrə görə cavabdehlik daşımasın”.

Ekspertin fikrincə, kirayəyə verilən avtomobillərin tam saz vəziyyətdə olması məsləhətdir: “İcarəyə götürülən avtomobildə hər hansı nasasızlıq olarsa, burda onu icarəyə götürən yox, icarəyə verən şəxs məsuliyyət daşıyır. Çünki o maşını tam saz vəziyyətdə icarəyə verməlidir. Avtomobilin saz vəziyyətdə olması da sənədlə göstərilməlidir. Amma avtomobildə icarəyə götürənin idarə etdiyi dövr ərzində nasazlıq yaranarsa və ortada müqavilə olmazsa, bu zaman həmin dövrdə avtomobil kimin idarəçiliyindədirsə, məsuliyyəti də o daşıyır. Yəni bir şəxs maşını etibarnamə ilə icarəyə götürübsə, onun idarə etdiyi müddətdə avtomobildə yaranan nasazlıqlara görə özü cavabdeh olmalıdır. Amma ortada müqavilə varsa və müqavilədə avtomobildə yaranan nazasızlığa görə onu icarəyə götürənin məsuliyyət daşımadığı qeyd olunubsa, onda bu problemi maşını icarəyə verən həll edir”.

“Taksi şirkətlərinin icarəyə götürdüyü avtomobillərin əksər hallarda kasko sığortası olmur. Bu da hər iki tərəf üçün problem yaradır”, – deyə E.Cəfərov əlavə edib.

Əvvəlki məqaləAli məktəblərdə payız semestri imtahanlarının təşkili qaydası məlum olub
Növbəti məqaləQadın işçilərlə əmək müqaviləsinin bağlanma qaydası