Apellyasiya və kassasiya instansiyası məhkəmələrində şikayətə baxılma müddətləri

Mülki işlər üzrə icraat zamanı apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi hansı hərəkətləri etməlidir?

Qanunvericiliyə uyğun olaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qanunun tələblərinə uyğunluğunu yoxlayır. Bu tələblərə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya instansiyası məhkəməsi tərəfindən mümkünlüyünün yoxlanılması müddəti nə qədərdir?

Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.

İşə apellyasiya instansiyası məhkəməsində baxılması müddəti nə qədərdir?

Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

Kassasiya şikayətini aldıqdan sonra apellyasiya instansiya məhkəməsi hansı hərəkətləri etməlidir?

Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin qanunun müvafiq maddələrinə uyğunluğunu yoxlayır. Bu tələblərə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya şikayətinin baxılması müddəti nə qədərdir?

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır.

Yuxarı instansiya məhkəmələrində şikayətə və ya protestə baxılma müdətləri

Cinayət işləri üzrə icraat zamanı apellyasiya şikayəti və ya apellyasiya protestini aldıqdan sonra birinci instansiya məhkəməsi hansı hərəkətləri etməlidir?

Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini Cinayət Prosessual Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir.

Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra hökmü və ya qərarı çıxarmış məhkəmə 10 (on) gün müddətində onları cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.

Apellyasiya şikayəti və ya apellyasiya protestinə ilkin baxılması müddəti nə qədərdir?

Apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində (cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər) apellyasiya şikayəti  və ya apellyasiya protestinin ilkin baxışını aparır.

Apellyasiya şikayəti və ya apellyasiya protestinə baxışın təyin edilmə müddəti nə qədərdir?

Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində apellyasiya instansiyası məhkəməsi onların baxışını təyin edir. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət apellyasiya instansiyası məhkəməsinin qərarı ilə 45 (qırx beş) günədək uzadıla bilər.

Kassasiya şikayəti və ya protestini aldıqdan sonra apellyasiya instansiya məhkəməsi hansı hərəkətləri etməlidir?

Kassasiya şikayəti və ya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun müvafiq maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya protesti apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya şikayəti və ya protesti apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan məhkəmə 3 (üç) gün müddətində onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, Cinayət Prosessual Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə verir və ya çatdırır və onlara 20 (iyirmi) gün müddətində kassasiya şikayəti və ya protestinə öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu izah edir.

Kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması müddəti nə qədərdir?

Kassasiya şikayəti və ya protestini ilkin öyrənən hakimin rəyi daxil olduqdan sonra kassasiya instansiyası məhkəməsinin müvafiq kollegiyasının sədri kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxılmasının müddətini (göstərilən rəyin alındığı vaxtdan 30 (otuz) gündən gec olmayaraq) təyin edir və bu barədə cinayət prosesinin müvafiq iştirakçılarına məlumat verir.

Şəfəq Süleymanova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

 

 

Oxunub: 1120