“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi qəbul ediləcək

Azərbaycanda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi qəbul ediləcək.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il üzrə payız sessiyasının qanunvericilik işlər planına daxil olunan məsələlərin siyahısında yer alıb.

Sessiya ərzində büdcə zərfinə daxil olan “2022-ci il dövlət büdcəsi haqqında”, “2022-ci il üçün yaşayış minimumu haqqında”, “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları haqqında qanun layihələri, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununun layihəsi və digər qanun layihələrinin müzakirəsi cari iş planında nəzərdə tutulub.

Bundan əlavə, komitənin aidiyyəti dövlət qurumları ilə, sahibkarlarla, qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşlərin, müxtəlif mövzuları əhatə edən ictimai dinləmələrin keçirilməsinə davam etdirilməsi qərara alınıb. Eyni zamanda, sahibkarlarla yərlərdə görüşlərin keçirilməsi, təklif və şikayətlərinin dinlənilməsi, daxil olan müraciətlərin təhlili və ümumiləşdirilməsi kimi məsələlər iş planında qeyd olunub.