Polis hansı hallarda xüsusi vasitədən və odlu silahdan istifadə edə bilər?

Polis əməkdaşı tərəfindən hər hansı şəxsə qarşı fiziki qüvvə, xüsusi vasitə və ya odlu silahdan istifadə olunması halları “Polis haqqında” Qanunun 26-cı və 27 ci maddələrində nəzərdə tutulub.

Belə ki, həmin qanunun 26-cı maddəsinə görə polis əməkdaşı yalnız aşağıdakı hallarda hər hansı şəxsə qarşı fiziki qüvvə tətbiq edə bilər:

  • hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
  • inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda;
  • hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.

Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri hansı hallarda tətbiq edə bilər? 

  • insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
  • qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
  • girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;
  • yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;
  • müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
  • tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda;
  • cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;
  • ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda;
  • həbs olunanları müşayiət etdikdə;
  • şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;
  • ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə;
  • sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri).

Qeyd: xüsusi vasitələr dedikdə – dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr başa düşülür.

Polis əməkdaşı hansı hallarda odlu silah tətbiq edə bilər? 

  • insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildiyi; qiyam və ya kütləvi iğtişaşlar baş verdiyi; girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildiyi; yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildiyi hallarda ictimai təhlükəli əməl odlu silah işlədilməklə törədildikdə;
  • cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qəti-imkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;
  • insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;
  • şəxs yaxalanarkən silahlı müqavimət göstərdikdə;
  • insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;
  • terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda;
  • odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda;
  • insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.

“Polis haqqında” Qanunun 27-ci maddəsinə görə fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı nələrə əməl etməlidir? 

  • insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq etməlidir;
  • odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı, habelə insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir;
  • yalnız real təhlükənin qarşısı alınarkən odlu silah tətbiq edə bilər;
  • odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi açmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər);
  • fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;
  • odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır;
  • fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;
  • fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir.

Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. 

Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq polis orqanında xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.

Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 842