İşəgötürənlərin üzərinə yeni tələb qoyulub – QƏRAR

Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra işəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim olunmasını təmin etməlidir.

Qeyd edək ki, həmin sənədlər əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu, bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı, müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı, müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planından ibarətdir.

“İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən, əmək şəraiti üzrə iş yerinin attestasiyası işinin yekunlaşdırılmasından sonra müəssisənin rəhbəri görülmüş işə qiymət verməklə onun nəticələrinin təsdiq edilməsi üçün əmr verir.