Mülki işlər üzrə apellyasiya şikayətinin verilməsi müddəti nə qədərdir?
Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, mülki işlər üzrə icraat zamanı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Birinci instansiya məhkəməsinin mülki işlər üzrə qərardadlarından isə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Bu müddətlərə riayət etmək qanunun tələbindən irəli gəlir. Bəzən həmin müddət bizdən asılı olmayan səbəblərdən dolayı ötürülə bilər.
Apellyasiya şikayətini vermək üçün qanunla tələb olunan müddəti ötürdükdə nə etməli?
Tutaq ki, bizdən asılı olmayan üzürlü səbəblərdən dolayı apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşük, ancaq apellyasiya şikayəti vermək istəyirik.
Bu zaman çox gecikmədən apellyasiya şikayətini və ona əlavə edilmiş müddət bərpa barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etmək lazımdır.
Müddətin bərpası barədə ərizə
Buraxılmış müddətin bərpası haqqındakı ərizə hazırlanır. Müddət bərpa haqqında ərizə birinci instansiya məhkəməsinə təqdim edilir. Bu ərizədə apellyasiya şikayətini nəyə görə vaxtında verilmədiyini əsaslandırmaq lazımdır. Ərizədə müddətin buraxılmasına dair üzürlü səbəblər mütləq göstərilməlidir.
Müddətin bərpası haqqında ərizə verməklə eyni zamanda apellyasiya şikayəti də məhkəməyə təqdim edilməlidir.
Müddətin bərpası haqqında ərizələrə baxan birinci instansiya məhkəməsi aşağıdakı 2 qərardan birini qəbul edir:
Müddətin bərpası haqqında ərizəni təmin edir:
Ərizəyə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında baxılır və işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Əgər məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, ərizəni təmin edərək müddəti bərpa edir və apellyasiya şikayəti məhkəməyə göndərilir.
Müddətin bərpası haqqında ərizəni təmin etmir:
Əgər məhkəmə ərizəçinin qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxdığına dair gətirdiyi dəlillərin inandırıcı olmaması qənaətinə gələrsə, bu zaman müddətin bərpasından imtina barədə qərardad çıxarır.
Bu qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
Cinayət işləri zamanı apellyasiya şikayətini vermək müddəti nə qədərdir?
Cinayət işlər üzrə icraat zamanı yuxarı instansiya məhkəmələrinə şikayətin verilmə müddətləri fərqlənir. Belə ki, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, həmin şəxsə verildiyi andan 20 gün müddətində verilməlidir.
Müddəti buraxdıqda nə etməli?
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıra bilərlər.
Müddətin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur.
Müddətin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.
Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir.
Əgər məhkəmədə işlərinizin uğurlu olmasını istəyirsinizsə, müddətlərə riayət edin və ötürməyin. Çünki məhkəmə yalnız üzürlü səbəblərdən müddəti ötürməyinizi qəbul edib müddəti bərpa edə bilər. Hər bir halda siz müddəti üzürlü səbəbdən ötürməyinizi sübuta yetirməlisiniz.
Benefisiar.org