Mitinqçilərin polisə çağırılması qanunidirmi?

Son günlərdə mediada və sosial şəbəkələrdə yanvarın 19-da Yasamaldakı “Məhsul” stadionunda Milli Şura tərəfindən keçirilən və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqədə iştirak edənlərin kütləvi şəkildə polis idarələrinə çağırılması haqqında xəbərlər yayılır. Yayılan xəbərlərdən də görünür ki, polis müxtəlif bəhanələrlə mitinq iştirakçılarını polis idarələrinə çağırır və onların siyasi mənsubiyyəti, mitinqdə iştirakı ilə bağlı sorğu-sual edilirlər.

Bəs bu qədər adamın işitirakı haqqında polisdə məlumat haradandır? Bu suala cavab olaraq ilk ağla gələn fikirlərdən biri mitinqin keçirildiyi “Məhsul” stadionunun giriş qapısında quraşdırılmış kameralar gəlməkdədir. Lakin, çağrılanlarla bağlı baş vermiş bir neçə yanlış anlaşılma bu verisanın doğru olmadığını göstərir. Belə ki, öz adına başqa adamın istifadəsi üçün aldığı telefon nömrəsini istifadə edən adamın mitinqə getməsinə görə polis idarələrinə çağrılan insanların olması bizə məlumatların necə əldə edildiyni göstərir. Bu haqqda mediada gedən xəbərlərdə də məlumatların mobil telefon operatorları tərəfindən polisə verildiyi iddia edilir. Əgər belədirsə, bunun qanuni tərəfləri necədir və qanunvericilikdə bu hallara necə tənzimlənir?

“Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun  10-cu maddəsinin 5-ci bəndinə əsasən texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması tədbiri əməliyyat-axtarış fəaliyyətinin subyekti olan polis orqanları tərəfindən həyata keçirilə bilər. Qanunda göstərilmiş bu əməliyyat axtarış tədbiri qanununvericiliklə göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Bu cür tədbirin keçirilməsinə görə məhkəməyə müraciət üçün isə bu qanununun 11-ci maddəsində göstərilən səbəb və əsaslar olmalıdır. Polis orqanlarının mitinqdən əvvəl və sonra yaydığı rəsmi açıqlamalardan göründüyü kimi bu səbəblər və əsasları doğuracaq heç bir hal yaşanmayıb. Qanunun 13-cü maddəsində isə məhkəmələrin bu cür tədbirlərin keçirilməsinə hansı hallarda icazə verəcəyi açıq göstərilib. Qanunvericilik bununla əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilməli olduğu bildirilir. Əgər göstərilən tədbir məhkəmə qərarı ilə həyata keçirilibsə, qərarın verilməsini zəruri edən halın nə olduğu sualı yaranır? Qanun bu tədbirlər tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxslərini, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəsizlik dərəcəsinə uyğunluğunu gözləməyə borclu olduğunu bildirir.

Bundan başqa qanunun 16-cı maddəsində bu tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsini qadağan edilir. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməyəcəyini və belə məlumatların məhv edilməli olduğu bildirir.  Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan etməlidir. Bu nəticələrin istifadəsinə məhkəmə nəzarəti Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Məhkəmə orqanlarından başqa bu nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Cinayət-Prosessual Məcəlləsinə əsasən prokurorluq orqanları  əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etmələrini tələb etməli və keçirilən tədbirlərin qanuniliyi yoxalnımalıdır.

Qanunun 21-ci maddəsi ilə  əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət müyyən edir. Əməliyyat-axtarış fəaliyyətinin qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə qanunla nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.

Benefisiar.org