Vətəndaşlar yol polisi ilə bağlı çəkiliş edə bilər?

Hüquqşünas: “İş görən polisin, yaxud qaydanı pozan vətəndaşın foto və videosunu çəkmək istəyənə şəxsi həyata müdaxiləyə görə qoyulan qadağanı tətbiq etmək yanlışdır”

“Sürdüyüm avtomobili heç bir qanun pozutunsu olmadan saxlayan yol polisi əməkdaşını telefonuma çəkmək istəyərkən, ondan buna mənim ixtiyarım olmaması xəbərdarlığını eşitdim”.

Bunu Meydan TV-yə adının çəkilməsini istəməyən şikayətçi deyib.

Onun sözlərinə görə, polis əməkdaşı çəkiliş üçün məhkəmə qərarının olmasını tələb edib:
“Polis mənə dedi ki, “mən dövlət məmuruyam və iş başında məni çəkmək olmaz. Yalnız məhkəmə qərarı lazımdır bunun üçün”. Mənə elə gəlir ki, polis ya müvafiq qanunu bilmir, ya da şəxsi həyata müdaxilənin yolverilməzliyi ilə bağlı qanunun maddələrini özünə sərf edən istiqamətdə şərh edir”.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Meydan TV-yə deyib ki, jurnalist yol polisini yalnız razılaşma yolu ilə çəkə bilər:

“Polisin üzərində səsyazma qurğusu olursa, çəkilişə nə ehtiyac var? O ehtiyac var ki, vətəndaş da nəyisə sübut etməyə çalışır. Ümumiyyətlə, bu, qarşılıqlı razılaşma yolu ilə olmalıdır. Sual olunur, nə çəkirsən, sənin maddi marağın nədir?!  Ona görə hər iki tərəfin razılığı olmalıdır”.

“Formada, iş başında olan polisin video və ya fotosunu çəkmək qadağan deyil”

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Konstitusiyanın 32-ci maddəsi şəxsi həyatın audio-video çəkilişinə qadağa qoyur:

“İş görən polisin, yaxud qaydanı pozan vətəndaşın foto və videosunu çəkmək istəyənə şəxsi həyata müdaxiləyə görə qoyulan qadağanı tətbiq etmək yanlışdır və qanunda hər hansı çəkilişə qadağa yoxdur. Çünki polis vəzifə səlahiyyətləri funksiyasını icra edir, bu isə ictimai əhəmiyyət daşıyır. Əgər polis ictimai əhəmiyyət daşıyan hansısa pozuntu qeydə alıb kimisə saxlayıbsa, jurnalist də istədiyi vaxt informasiya toplaya bilər. Bu tip məlumatlar ictimai əhəmiyyətli olduğundan polis müxtəlif media qurumlarını dəvət edib, birgə reydlər də həyata keçirir. Yəni istəyir qayda pozuntuları cəmiyyətdə aydın görünsün və buna qarşı mübarizə gücləndirilsin”.

Hüquqşünas deyir ki, polis formasını dəyişib toya, yasa gedərsə və jurnalist onu çəkərsə, bu, artıq şəxsi həyata müdaxilədir.

“İstisna hallarda, yəni cinayətkarlara qarşı mübarizə prosesi, planlı şəkildə hazırlanan gedişat polisin özünün razılığı ilə çəkilir”.