Bu kənddə qızların çoxu məktəbi yarımçıq tərk edir (Video)

Kürdəmirin Sığırlı kəndində bəzəkli qapılar yan-yana düzülüb. Kənd sakinləri deyir ki, qızlar adətən 9-cu sinifdən çıxarılıb, nişanlanıb, nigah yaşına çatana qədər gözlədilirlər. 18 yaşdan sonra onlara toy edirlər. Daha aşağı siniflərdən də qızların məktəbdən çıxarıldığı deyilir.

Kənddə qızlarını məktəbə göndərməyənlərdən savayı onları 11-ci sinifə qədər oxudub təhsil verən valideynlər də var.

Sığırlı kəndində 7000 nəfər əhali yaşayır. Kəndin yalnız bir məktəbi var – Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbi. Məktəbin direktoru Bəycan Mürşüdov deyir ki, şagirdlərin dərsə davamiyyəti 90 faizdir. Dərsə gəlməyən uşaq olanda icra nümayəndəsi, uşaq inspektoru işə qarışır. Direktor deyir ki, məktəbdə 500-dən çox qız, 600 nəfərdən çox oğlan təhsil alır. O bildirir ki, valideynlərin çoxu qızlarını 9-cu sinifdən çıxarırlar. Direktor qızların 7-8-ci siniflərdən çıxarılmadığını deyir.

Siniflərə baş çəkirik. Müəllimlər dərsə gəlməyən qızların üzrlü səbəblərinin olduğunu deyirlər. Səbəb kimi sağlamlıqlarında yaranan problemi göstərirlər.

Tibb bacısı olmaq istəyən qızını 8-ci sinifdən çıxarıb, yaşı çatanda toyunu edən Xalid Ovçuyev bu hərəkətinə görə peşman olduğunu deyir.