Cinayət hüququnda alibi

Tələbə
Röya Mirtalıbova – Bakı Dövlət Universiteti, SABAH qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi

Açar sözlər: təqsirsizlik prezumpsiyası, alibi, hadisə yeri, sübut

Hüquqi və demokratik dövlət olan Azərbaycan Respublikasının hüquq müəyyən edən normatik aktları da bu cür dövlətin riayət etməli olduğu prinsiplərə əsaslanır. Bu pozulmaz qayda Cinayət hüququ sahəsindən də yan keçmir. Cinayət prossual qanunvericilyinin əsasını təşkil edən hüquqi aktlara nəzər salsaq, hər bir vətəndaşın hüquq və azadlıqlarının maksimum dərəcədə qorunması, müdafiə olunması məqsədilə qəbul olunmuş normaların əksəriyyət təşkil etdiyinin şahidi olarıq.

Məlum olduğu kimi, şəxsin hüquqlarından birini də ana qanunumuz olan Konstitusiya və əsas qanun Cinayət-Prosessual Məcəlləsində təsbit olunmuş “təqsirsizlik prezumpsiyası” təşkil edir. Konstitusiyamızda ifadə olunmuşdur ki:

Maddə 63. Təqsirsizlik prezumpsiyası

“I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz”.

Göründüyü kimi, qanun təqsizsiz sayılan şəxsin əsassız yerə təqsirləndirilməsinə kobud qanun pozuntusu kimi baxır və şəxsiyyətin bu hüququnu öz müdafiəsi mexanizmi sferasına salır. Bu baxımdan, təqsirsizliyi əsaslandıran sübutların, şəxsin təqsirli olmadığını sübut edən vasitələrin də əhəmiyyətini dərk etmək elə də çətin deyil. Belə vasitələrdən biri də alibidir.

Alibi – şübhəli bilinən hər hansı bir cinayətin tərkibində iştirak edə bilmədiyi və ya bu hərəkətlərdə iştirak edə bilməyəcəyinə görə, təqsirsizlik sübutu kimi qiymətləndirilir. Beləliklə, alibidə üç əsas element var:

•bir cinayətin törədilməsi yeri;
•bu cinayəti törətmək vaxtı;
•bu anda “alibi qazanan” şəxs;

Alibinin yaradılması heç də həmişə şübhəli şəxsin xeyrinə tam olaraq şərh edilmir. Belə ki, cinayət zamanı hadisə yerində bir şəxsin olmaması faktı hələ bu şəxsin əməldə iştirak etməməsi demək deyil. Bu hala daha çox qrup cinayətləri fonunda rast gəlinə bilər: hadisə yerindən çox uzaqda olan şəxs birbaşa təşkilatçı, təşəbbüskar və s. kimi çıxış edə bilər. Müasir qlobal dövrdə cinayətkarların “silahları” olan müasir texniki vasitələr, radiotelefon rabitələri, cinayətin yerindən kənarda olmasına baxmayaraq, cinayət əməlinin aktiv idarə olunmasını təmin etmək üçün cinayətin təşkilatçısına müəyyən imkanlar təqdim edir.

Kriminalistika alibiyə dair aşağıdakı kateqoriyaları fərqləndirir:

Tam alibi – bu o deməkdir ki, cinayətin icrasında şəxsin fiziki iştirak etmək imkanı, demək olar ki, yoxdur, çünki şəxsin orada olmaması dəqiq müəyyən olunmuş bir müddətdə, müəyyən bir şəkildə, müəyyən edilmiş bir müddətdə dəqiq müəyyənləşdirilir.

Qismən alibi – bu vəziyyət şəxsin təqsirli sayılmasını istisna etmir, çünki onun müəyyən bir yerdə qalması və vaxtı haqqında məlumat kifayət qədər inandırıcı deyil.

Bacarıqlı alibi – əvvəlcədən hazırlanmış və uydurma faktlar (şahidlərin ilkin hazırlığı, saxta sənədlər) əsasında meydana gələn alibidir.

Sadə alibi – bu vəziyyət faktlara uyğunlaşma bağlantısı kimi xarakterizə olunur.

Alibi – Cinayət Prosessual Məcəlləyə əsasən, şəxsin müdafiəsi zamanı sübut qismində çıxış edir və onun cinayətdə təqsirli olmadığının əsas göstəricilərindən biridir. Əgər şəxsin təqsirli olması sübuta yetirilməzsə, o cinayəti törətməkdə təqsirli hesab oluna və məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində də təsbit olunduğu kimi:

Maddə 21. Təqsirsizlik prezumpsiyası

21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.

21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

Son olaraq alibiya aid bir misalla məqaləmizi yekunlaşdırmaq istərdik:
“Bakı şəhər sakini X (şərti olaraq) 07.05.2021-ci il tarixdə saat 12:56 radələrində qonşusu Y-dən aldığı borcu qaytarmaqdan imtina etdiyi üçün aralarında mübahisə yaranmış və Y X-ya “2 gün sonra gələcəyəm, əgər pulu verməsən, məndən incimə” deyərək həmin yerdən ayrılmışdır. Hadisədən 2 gün sonra yaşadığı mənzildə X şəxsin üzərində qətl izləri olan meyidi tapılmışdır. Təbii ki, belə bir vəziyyətdə bütün şübhələr Y şəxsin üzərinə yönəlir. Lakin Y şəxs təhqiqatla əlaqədar çağrıldığı bölmədə 08.05.2021-ci il tarixində qonşu ölkələrdən birinə səfərə uçduğunu, yalnız 1 həftə sonra geri qayıtdığını bildirmiş və bunu müvafiq uçuş biletləri, hava limanına daxil olduğunu göstərən çeklər, xarici pasporta edilən müvafiq qeydlər, xarici restoranların birində nahar etdiyini göstərən çek, müvafiq tarixli kommunal çeklər və s. ilə əsaslandırmışdır. Sübutların həqiqiliyi (saxta olmaması) şərti olaraq qəbul olunarsa, Y şəxsin alibisi yaranır və o, X şəxsə qarşı törədilmiş cinayətdə təqsirli bilinməkdən qurtulur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

 

Əvvəlki məqaləBaşqasının əmlakından necə istifadə etmək olar?
Növbəti məqaləƏmək müqaviləsinin əvəzçilik formasında bağlanması qaydası