Bu dövlət orqanlarının rəhbərlərinə məhdudiyyət qoyuldu

Azərbaycanda 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə, birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün aylıq yürüş həddi məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Qüvvədə olan qərarda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti minik vasitələri üçün aylıq yürüş həddi 2 min kilometrdir. İşin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması bütün kateqoriya dövlət orqanlarının rəhbərlərinə xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılır. Dəyişikliyə əsasən, bundan sonra bu hal yalnız ali-III kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələrinə şamil ediləcək. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə, birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün aylıq yürüş həddi isə 2 min kilometr müəyyənləşib.

Yəni, işin xüsusiyyətləri nəzərə alınmaqla, yürüşün aylıq norması 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinə xidmət edən nəqliyyat vasitələri üçün 40 faiz, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20 faiz artırılmayacaq.

Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları 4-cü kateqoriya, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri isə 5-ci kateqoriya dövlət orqanlarıdır.

Əvvəlki məqaləKarantindən sonra restoran və kafelər bu qaydada işləyəcək
Növbəti məqaləBaş prokuror vəzifəsinə yeni namizəd – TƏRCÜMEYİ-HAL