Ombudsmanın bu statusunun bərpa edilməsi təklif olunur

Ombudsmanın “A” statusunun bərpa edilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliklər edilir.

Sənəd layihəsinin qeyd hissəsində göstərilir ki, təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun “A”dan “B”yə endirilməsi olmuşdur.

“A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.