Yeyinti məhsullarının Avropaya ixracına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” 2005-ci il 1 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmanın 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:

“Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avropa İttifaqı ölkələrinə ixrac edilən qida məhsullarının təhlükəsizlik meyarları üzrə ekspertizasının keçirilməsi, həmin ekspertizanın nəticələrinə uyğun olaraq onlara təsdiqedici kod nömrələrinin və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlərin verilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması fəaliyyətini həyata keçirən, habelə Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını təmin edən vahid səlahiyyətli orqandır”.

3-cü hissədə “İqtisadiyyat Nazirliyinin” sözləri “Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilib.

Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.