“Məşğulluq haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Bildirilib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib. Layihədə qeyd olunur ki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir. O da bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.

Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir. Qanun layihəsində məşğulluqla bağlı daha bir sıra müddəalar yer alıb.

Layihə üçüncü oxunuşda plenar iclasa tövsiyə olunub.