Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qeydiyyatına başlayır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu gündən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.

“APA-Economics”in məlumatına görə, Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək.

Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.