15 ailə təhlükə altındadır

“Yolumuz çöküb, bir baxın, uçurumdur, keçmək olmur. Nə özümüz gedib-gələ bilirik, nə də mal-heyvanımızı aparıb, gətirə bilirik. Təhlükəlidir, az qalıb, yarğan evlərimizə çatır”.

Ağstafa rayonunun Köçəsgər kəndinin sakini Səfər Həsənov belə deyir. O, yaydan bəri evlərinin önündəki torpaq sürüşməsinin fəallaşdığını, yarğanın böyüyə-böyüyə həyətlərinin, evlərinin içinə hərəkət etməsindən narahat olduğunu söyləyir:

“Son vaxtlar sürüşmə çox fəallaşıb. Biz uşaq olanda kiçik bir çat idi, üstündən adlamaq olurdu. İndi görürsünüz, əməllicə uçurumdur. Yolumuz dağılıb, maşın keçmir. Nəinki maşın, artıq özümüz də gedib-gələ bilmirik. Məcburuq evimizə getmək üçün yolumuzu 3 kilometr uzadaq. Bir baxın, evimizə çatmasına bir neçə metr qalıb”.

Acıdərə adlanan bu ərazidə sürüşmə illərdir davam edir. Sakinlər deyirlər ki, yaydan bəri daha da intensivləşib. Bu, onları çox qorxudur.

Asya Həsənova deyir ki, Ağstafa Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Gəlib baxıblar da. Deyiblər, tezliklə vəsait ayrılacaq və bir tədbir görüləcək. Ancaq hələlik, problemləri yerində qalır:

“Yolsuz qalmışıq, qaz borularından tuta-tuta gedib-gəlirik. Uçqun evlərə doğru irəliləyir. Bu gün, sabah evimizə gəlib çıxacaq. Onda biz nə edəcəyik? Kasıb, işsiz insanlarıq, özümüzü güclə dolandırırıq. Yeni evi necə tikəcəyik? 2-3 aydır vəziyyət daha da pisləşib. Bununla bağlı da məktublar yazdıq. Elə Baş nazirin müavini Hacıbala Abutalıbova, Prezident Administrasiyasına, yerli icra hakimiyyətinə, hamısına. Yenə gəlib baxdılar. Ancaq bir çarə tapan, tədbir görən yoxdur. Axırıncı məktubumuza cavab verdilər ki, pul ayrılacaq, problemi həll edəcəyik. Məncə, belə işlərdə təcili nəsə etmək lazımdır. Uçqun gəlib evlərimizə çatandan sonra nəsə etməyi düşünürlər? “

Səfər Həsənov

Sakinlər bildirirlər ki, hazırda əsas təhlükə altında olan 15 ev var, ancaq 100-ə yaxın evin yolu kəsilib:

“Yağış yağıb, yol daha da təhlükəli hala gəlib. Sürüşkəndir. Uşaqlarımıza görə narahatıq. Nə qədər deyirik, hər dəqiqə nəzarət etmək olmur. Uzaq yolu fırlanmağın dərdindən, keçirlər. Qorxuludur, səksəkə içindəyik. Yağış yağır altından sızmalar gedir, qaynamalar olur, təhlükə yaranır. Həyətyanı sahələrimizdə sürüşmə olub, kiminin mal damı gedib, kiminin hini, kiminin də eləcə ağacı, həyətinin bir hissəsi. Az qalıb, uçqun evlərimizə doğru irəliləyir. Baxın, evlərimizə getdiyimiz yol necə ensizdir. Yağış yağanda keçmək təhlükəli olur. Piyada 3 kilometr uzanır yolumuz. Razıyıq, yolumuz uzanır, eybi yoxdur. Amma bununla bitmir axı. Uçqun evlərimizə doğru irəliləyir. Barı ona bir çarə tapsınlar”, – sakinlərdən Araz Əliyev belə deyir.

Araz Əliyev deyir ki, maşınla evlərinə gedə bilmirlər, mal- heyvanlarını həyətlərinə aparmaq çətinləşib:

“Allah eləməsin, birinə nəsə olsa, buralara təcili tibbi yardım maşını girə bilməz. Bir baxın, uşaqlar necə zülmlə gedib-gəlirlər. Qaz borusundan yapışa-yapışa. Bircə addım ayaq sürüşsə, dərəyə düşərlər. İnanın, salamat çıxmaz ordan. Xahiş edirik, aidiyyatı qurumlar bir tədbir görsünlər”.

Araz Əliyev

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən vəziyyətdən xəbərdar olduqlarını söyləyiblər:

“Problem böyük olduğundan yuxarı qurumlara məlumat vermişik. Tezliklə həmin ərazidə işlərə başlanacaq, narahat olmasınlar, problem evlərə qədər gedib çıxamamış, həll ediləcək”.