Azərbaycan Pasport İndeksində qonşularından geri qalır

2019-cu il yanvarın 8-də Henley & Partners şirkəti yenilənmiş Pasport İndeksini dərc edib. Sənəd dünya ölkələrində vizasız rejimdə son dəyişiklikləri əks etdirir.

2019-cu ilin birinci rübü üzrə İndeksin lideri Yaponiya olub. Bu ölkənin vətəndaşları dünyanın 190 ölkəsinə vizasız gedə bilər. Bir il öncə birinci yeri Almaniya tutmuşdu (177 ölkə). Hazırda Almaniya üçüncü yeri Fransa (vizasız 188 ölkə) ilə bölüşür. İkinci yerdə Cənubi Koreyadır. Belə ki, üç ayda Hindistanı vizasız ölkələr siyahısına daxil edərək İndeksdə bir mövqe yüksəlib. Sinqapur da 189 ölkə göstəricisi ilə ikinci yerdədir.

Böyük Britaniya və ABŞ İndeksdəki mövqelərini itirməkdə davam edirlər və hazırda 6-cı yerdədirlər (185 ölkə). Ekspertlər 2015-ci ildə tutduqları 1-ci yerdən enmələrini hər iki ölkənin “bağlı qapılar” siyasəti ilə uzah edirlər.

2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları dünyanın 66 ölkəsinə vizasız gedə bilir. Ölkə İndeksdə 74-cü yeri tutur. Ötən il azərbaycanlılar dünyanın 63 ölkəsinə vizasız gedə bilirdilər.

Rusiya, Türkiyə və Qazaxıstan vətəndaşları müvafiq olaraq 119, 111 və 76 ölkəyə vizasız səfər edə bilər. Gürcüstan İndeksdə 51-ci yeri tutur. Çünki ölkə vətəndaşları 114 ölkəyə vizasız səfər edə bilər.

2018-ci ildə “İnvestisiyalar vasitəsilə vətəndaşlıq” proqramını işə salan Moldova 46-cı yeri tutur (vizasız 122 ölkə). Ukrayna vətəndaşları isə 128 ölkəyə vizasız gedə bilər.

Turan İnformasiya Agentliyi