Kürdəmir məktəbində narazılıq

“Birincilərə verilən suala 3-cü sinfin şagirdi cavab verir”

“Birinci sinflə üçüncüləri, ikinci sinflə dördüncüləri birləşdirib, birgə dərs keçirlər. Bu, harada görülüb? Belə bir şey nə dərəcədə doğrudur?”

Kürdəmir rayonu Şüşüm kəndinin orta məktəbində vəziyyət belədir. Bu barədə Meydan TV-yə danışan məktəbin 57 yaşlı biologiya müəllimi və dərs hissə müdiri Abdulla Abdullayev deyib ki, eyni iki sinfi birləşdirmək olar, ancaq ayrı, fərqli iki sinfi birləşdirmək heç bir qanuna sığmır, doğru deyil:

“Düzdür, baxın, bizə yeni tipli məktəb tikiblər. Sinif otaqlarının hər biri 31 kvadrat metrdir. Problem odur ki, məktəb yeni də olsa, daxili problemləri çoxdur. Deyirlər, sinifdə uşaq sayı 20-dən aşağıdır, belə olmaz. Götürüb 1-ci siniflə 3-ü, 2-ci siniflə 4-ü birləşdiriblər. İki sinfə birlikdə dərs keçirlər”. 

Bu qaydanı doğru hesab etməyən müəllimin sözlərinə görə, sinif sayı azaldığı üçün bir neçə nəfər işçini də ixtisar ediblər:

“Bu, azmış kimi maaşlar aşağı düşüb. Bu, nə dərəcədə doğrudur? Fərqli yaş qruplarında, fərqli bilgilərə sahib şagirdlərə birlikdə dərs keçmək nə qədər məntiqlidir? 1-ci sinfə verilən suala 3-cü sinfin şagirdi cavab verir. Nəticədə birincilər heç nə öyrənə bilmirlər. Digər sinflərdə də eynilə. Siniflərin hamısında 19 şagird təhsil alır. Qanunla birləşdirilməməlidir. Lap birləşdirilsə də, 2 ayrı sinfi birləşdirə bilməzlər. Onların bilik səviyyəsi eyni deyil axı”.

69 yaşlı kənd sakini İbrahim İbrahimovun nəvələri də məktəblidir. Deyir, siniflərin birləşdirilməsi onu da narahat edir. Kiçik nəvəsi dərs öyrənə, anlaya bilmir:

“Mənim də nəvələrim məktəbdə oxuyur. Düzdür, məktəb yaxşı yerdədir, yeni tikilib. Ancaq sinifləri birləşdiriblər, təhsilin səviyyəsi aşağı düşüb. Bundan əlavə, istiliyi yoxdur. Nəticədə uşaqlar soyuq sinif otaqlarında dərs keçirlər, üşüyürlər. Dövlət neftlə təmin etmir, valideynlər pul yığıb alır, nə bilim, evdən aparırlar qış ayları ərzində. Halbuki məktəbin qızdırılması üçün günə 50-60 litr neft lazımdır. Ancaq onu vermirlər. Valideynlər təmin etməsə, uşaqlar donur. Müəllimlər, valideynlər neft almaqdan birtəhər olublar. Mən müraciət etmişdim. Elə belə də qaldı, baxılmadı”.

Abdulla müəllim deyir ki, düzdür, əvvəlki illərdə məktəb problemləri daha dərin olub. Məktəb köhnə, şəraitsiz imiş:

“İndi məktəbimiz yeni tiplidir, 220 yerlikdir, çox gözəldir. Gözəl də naliyyətlərimiz var. Hər il 3-4 nəfər ali məktəbə qəbul olur. Amma mən baxıram ki, yaxın gələcəkdə işlərimiz çox çətin olacaq. Siniflərimiz 31 kvadratmetrdir. Təhsil qanunlarına görə, siniflərdə birinci parta ilə yazı lövhəsi arasındakı məsafə ən azı 2 metr 50 santimetr olmalıdır. Sinifləri birləşdirdikləri üçün partalar 3 yox, 4 sıra düzülüb. Hər sinifdə isə azı 19 nəfər olduğunu nəzərə alsaq, bir sinifdə 40-a yaxın şagird təhsil alır. Üstəlik, onlar eyni səviyyədə də deyillər. Lövhə ilə birinci parta arası 1 metr 30 santimetrdir. Məncə, bunlar şagirdlərin sağlamlığına böyük ziyandır”.

Müəllim deyir ki, 2 ayrı sinfin birlikdə təhsil almasının başqa çətinlikləri də var. Məsələn, müəllim 45 dəqiqə ərzində gah 1-ci, gah 3-cü siniflə məşğul olur:

“El arasında buna “ləzgi xaşılı” deyirlər. Birləşdirməyə səbəb kimi şagird sayının azlığını göstərirlər. Ancaq mən öyrənmişəm ki, sinifdə şağırd sayı 19-dan aşağı olanda birləşdirmək olar və həmin birləşdirilən siniflər hər ikisi eyni olmaldır. Yəni 1-ci siniflə 1-ci sinfi birləşdirə bilərlər. Daha 1-lə 3-ü yox”.

Abdulla müəllim yaranmış problemlə bağlı Təhsil Nazirliyinin “qaynar xətti”nə müraciət edib, cavab gözləyir:

“Bəlkə mən bilmirəm, normaldır. Kürdəmir Rayon Təhsil Şöbəsinə də müraciət etmişəm. Görək necə olacaq”.

59 yaşlı kənd sakini Şahmur Hüseynovun oğlu da məktəblidir, 5-ci sinfə gedir. Deyir, az qalır, oğlunu məktəbdən çıxarıb, evdə oturtsun:

“Güclə göndərirəm. Deyir, ata üşüyürəm, orada istilik yoxdur. Deyirəm, camaatın uşağı necə, sən də elə, get, döz. Ötən il soyuğa görə çox uşaq xəstə düşdü. Müəllimələr ciblərinin pulu ilə uşaqlara dərman aldılar. Niyə? Bunu etməyə borcları yoxdur. Odur ki, hökumət məktəbi istiliklə təmin etməlidir. Şəraitsiz bir yerdə necə dərs oxumaq olar axı? Dona-dona da adamın başına elm girər? Yanacaqla təmin etsinlər məktəbi. Yoxsa, mənim uşağımın məktəbə getməyə taqəti yoxdur. Gedib bağdan odunumu qırıb gətirəcəm, uşağıma peç qalayıb, onu isidəcəyəm. Daha donsun deyə məktəbə göndərən deyiləm”.

Sakinlərdən Bayraməli Tağıyevin də 2 nəvəsi məktəbə gedir. O da həm istilik problemindən, həm də siniflərin birləşdirilməsindən narazıdır. Deyir, hər şey təhsildən başlayır:

“Dörd sinifi iki otağa yığıblar. Müəllim birincilərə sadə sual verir, 3-cü sinfin şagirdi ondan tez cavablayır. Bu uşaq belə şəraitdə nə öyrənsin? Məktəbin istiliyi, qazı yox. İnanın, uşaqlar soyuqdan donurlar. Keçən il nəvələrimin gözü xəstəlikdən ayılmadı. Belə vəziyyətdə nəsə öyrənə də bilmirlər, nəticədə savadsızlıq yayılır. Bir kiçik qığılcım olan kimi elliklə bütün kəndin işığı da kəsilir. Uşaqlar yenə işıq plitələrindən istifadə edirdilər, o da çətinləşir. Qalırlar soyuq idarədə. Valideynlərin çoxu soyuğa görə uşağını dərsə yollamır. Bunun axırı hara gedəcək? Problem çoxdu, bilmirəm, hansından danışam. Dövlət rəhbərləri səsimizi eşitsinlər, problemlərimizi həll etsinlər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Təhsil şöbəsindən bildiriblər ki, siniflərin komplektləşdirilməsi, birləşdirilməsi normal haldır:

“Adətən bir sinifdə 20-dən aşağı şagird olanda birləşdirirlər. Burada da vəziyyət yəqin elədir. Düzdür, iki ayrı sinfi birləşdiriblər. O məktəbdə hər sinfdən bir dənədir çünki. İndi hardan alaq iki birinci sinfi? Yoxdur, yəqin ona görə də belə bir çıxış yolu tapıblar”.