Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Oktyabrın 17-də Azərbaycanda nümayəndəlik institutunun ləğvi barədə qanunvericilik təşəbbüsünə həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, hüquqşünas Ramil Süleymanov deyib ki, Ali Məhkəmənin sədri oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, “Vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edib.

Bu dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı nəzərdə tutulur. R. Süleymanov nəzərə çatdırıb ki, 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür. Hətta son müsabiqədə bütün vəkilliyə namizədlərin hamısı vəkil ola bilsə, Vəkillər Kollegiyasının üzvlərinin sayı 2 dəfə artsa belə, Azərbaycanda 6 min nəfərə 1 vəkil düşəcək: “Məsələn, qonşu Gürcüstanda 4 milyon əhali, 5 min vəkil var. Başqa sözlə, hər 800 nəfərə 1 vəkil düşür”.

Süleymanov deyib ki, dövlət bu dəyişiklikləri vətəndaşların daha keyfiyyətli hüquqi yardım almasına nail olmaq niyyəti ilə izah edir: “Belə əsaslandırma var ki, nümayəndələrin yetərincə peşəkar olmaması məhkəmə proseslərinin uzadılmasına yol açır. Bu gün 936 vəkilin 100-ə qədəri vəkil kimi fəaliyyət göstərmir, müxtəlif dövlət qurumlarında çalışır. Bu vəkillərin 800-ə qədər Bakı və Abşeronda cəmləşib. Bölgələrdə cəmi 150-yə qədər vəkil fəaliyyət göstərir. Bütün bu səbəblərdən əhali daha çox nümayəndələrin yardımından istifadə edir. Bütün bu amillər nəzərə alınaraq, nümayəndəlik institutun ləğvi düzgün deyil. ABŞ-da pensiya işlərinin 92 faizini, digər işlərin 11 faizini nümayəndələr aparıb”.

Süleymanov keyfiyyətli hüquqi yardım baxımından çıxış yolu olaraq yalnız hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətinə icazə verilməsini təklif etdiklərini bildirib: “Praktik fəaliyyətlə məşğul olan nümayəndələr VÖEN-lə çalışırlar, Vergilər Nazirliyində qeydiyyatdan keçirlər. Təklif edirik ki, hüquqi təhsili olanlar hüquqşünaslar Vergilər Nazirliyiilə bərabər Ədliyyə Nazirliyində də qeydiyyatdan keçsinlər”.

Vəkillər Kollegiyasından xaric olunmuş hüquqşünas Xalid Bağırov nümayəndəlik institutunun hüquqi yardımın keyfiyyətini artırmaq məqsədi ilə ləğv edilməsi barədə fikirlərlə razılaşmayıb: “Hüquqi yardımı effektivliyini artırmaq üçün öncə vəkillik institutunun fəaliyyətini effektivləşdirmək lazımdır. Nümayəndəlik institutu vəkillik institutunun effektiv olmadığının sübutudur. Ölkədə il ərzində 13 mindən artıq cinayət işinə baxılır. Bu sahədə vəkillərin inhisarı var, 953 vəkil cinayət işlərinə baxır. İl ərzində 100 mindən çox mülki işə, 30 mindən çox inzibati işə baxılır. 13 min cinayət işinin öhdəsindən gələ bilməyən 953 vəkilə 150 min mülki və inzibati iş tapşırılacaq. Bu, hüquqi yardım işinin iflic edilməsidir. Nümayəndəlik institutunun inkişafı məhkəmələrdə korrupsiya hallarının azalmasını şərtləndirir. Keyfiyyətli hüquqi yardım adı altında vətəndaşlar hüquqi yardım almaq imkanlarından məhrum edilirlər”.

Mətbuat konfransında hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətlərinə imkan yaradılmasının, qeyri-peşəkarların, hüquqi təhsili olmayanların məhkəmələrdə nümayəndə kimi iştirakdan uzaqlaşdırılmasının problemdən çıxış yolu olduğu bildirilib.