AMEA-nın keçmiş elmi işçisi məhkəmə qarşısında

“Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Əvvəl dovşan idim, içkidən sonra pələng oldum”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adamöldürməyə cəhddə və quldurluqda təqsirləndirilən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə B.Rüstəmbəyov özünü təqsirli bilib.

O, sərbəst ifadə verən zaman ağır cinayət törətdiyini deyib: “Əməlimdən peşmanam. Tövbə etmişəm, daha belə əməl törətməyəcəyəm. İstintaqda yazılanlarla razıyam”.

B.Rüstəmbəyov söyləyib ki, AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışarkən zərərçəkmiş Çingiz Qacar onun rəhbəri olub: “Onu uzun illərdir tanıyıram. Məni 8 il əvvəl işdən çıxardı. Bu da mənə çox təsir elədi. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim. Əvvəl dovşan idim, içkidən sonra pələng oldum. Çingiz müəllimin evində pul olduğunu bilirdim, ona görə də onlara getdim. Hadisədən sonra isə qorxaraq pulu da evdə qoyub qaçdım. Ən böyük günahım evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub. Yeni ildə hər ikisinə zəng edib məni bağışlamalarını istədim”.

Suallara cavab verən təqsirləndirilən şəxs özünü quldur hesab edib: “Bu əməli yalnız quldurlar edər. Çox peşmanam. Oğlumla qızım hazırda Amerikada yaşayırlar”.

Zərərçəkmiş Ç.Qacarın evinə basqın etmək məqsədini açıqlayan B.Rüstəmbəyov mənzildən apardığı pullarla viski alacağını söyləyib: “Lakin pulları apara bilmədim”.

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov tanışı Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Ç.Qacar və evdə xadimə işləyən Mətanət Hüseynovanın baş nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, B.Rüstəmbəyov daha əvvəl AMEA Fizika İnstitutunda elmi işçi, zərərçəkmiş Ç.Qacar isə rəhbər vəzifəsində çalışıb.