İnzibati Xətalar Məcəlləsinə təklif olunan yenilik haqda

Azərbaycanda əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdirilir.

Bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi təqdim edilib.

Layihəyə görə, İnzibati Xətalar Məcəlləsinə 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Layihə qəbul olunduğu təqdirdə 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılıb.

Nəzərinizə çatdıraq ki, hal-hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 244-cü maddəsində aşağıdakı normalar qeyd edilib:

244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə – fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Təqdim edilən qanun layihəsi qəbul olunduğu halda yuxarıda qeyd etdiyimiz maddəyə 244-1 maddəsi (əkin yerlərinin yandırılması) də əlavə ediləcək.

 

Benefisiar.org