Keçmiş administrasiya rəhbəri alternativsiz namizəd olub
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.
Toplantıda AMEA prezidenti, akademik Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi təqdim olunub.
Ardınca AMEA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib.
Səsvermədə alternativsiz namizəd olan akademik Ramiz Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.
Seçkinin nəticəsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənib.
Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb.
Həmin vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. O zaman Azərbaycan EA-na 15 həqiqi üzv seçilib.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.
2013-cü ildən bugünə qədər AMEA-nın prezidenti Akif Əlizadə idi. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 72 həqiqi üzvü və 112 müxbir üzvü var.
Meydan TV