Pandemiya dövründə sərnişinlərin qeydiyyat prosesi məlum olub

Koronavirus pandemiyası dövründə hava nəqliyyatı ilə gələcək sərnişinlərin qeydiyyatı prosesi məlum olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, növbələrə nəzarət üçün təyin edilmiş əməkdaşlar sərnişinləri qarşılayaraq reysin istiqamətini göstərirlər və terminalda qeydiyyat üçün növbənin daha az olduğu müvafiq zonaya keçmələrini təklif edirlər. Bu əməkdaşlar xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.

– Qeydiyyat prosesi başa çatdıqdan sonra sərnişinlər bilavasitə qeydiyyat masası yanında təkrarən əllərini dezinfeksiya edirlər.

– Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj xüsusi ayrılmış yerdə dezinfeksiya edilir və baqajın üzərinə dezinfeksiyanın həyata keçirildiyi barədə xüsusi nişan vurulur.

– COVID-19 əlamətlərinin olub-olmaması barədə sərnişinlərin sorğu edilməsi:

– qeydiyyat zamanı əməkdaşlar COVID-19 əlamətlərinin, yəni yüksək hərarət, öskürək və təngnəfəslik, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, boğaz, oynaq və ya baş ağrılarının olubolmadığını müəyyən etmək üçün sərnişinləri sorğu edirlər;

– səhhəti pisləşən və yoluxucu xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda, belə sərnişin barədə dərhal növbətçi tibb heyətinə məlumat verilir.

– Uçuşqabağı yoxlama, steril zonaya və sərhəd nəzarəti zonasına keçid:

– növbələrə nəzarət üçün təyin edilmiş aviasiya təhlükəsizliyi əməkdaşı sərnişinləri qarşılayaraq, xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarət edir;

– aviasiya təhlükəsizliyi üzrə uçuşqabağı yoxlamadan keçdikdən sonra sərnişinlər xüsusi ayrılmış yerdə təkrarən əllərini dezinfeksiya edir, sonra xüsusi döşəmə işarələrinə əsasən növbəni gözləyərək və məsafəyə riayət edərək sərhəd nəzarətindən keçirlər;

– sərhəd nəzarəti başa çatdıqdan sonra əllər yenidən dezinfeksiya olunur.