“Polis haqqında” qanuna dəyişiklik edilib

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə Qanunda dəyişiklik edilməsi qərara alınıb. Belə ki,  “Polis haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində “baxış keçirmək” sözləri “axtarış aparmaq” sözləri ilə əvəz edilib.

“Polis haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində dəyişiklikdən əvvəl aşağıdakı kimi qeyd edilib:

“İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının  inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüququ var”.

Dəyişiklikdən sonra isə “şəxsi baxış aparmaq” “şəxsi axtarış aparmaq” sözü ilə əvəz edilib.