Xüsusi icraat nədir?

İddia icraatı, əmr icraatından əlavə xüsusi icraat da mövcuddur. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 305-ci maddəsində məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlər sadalanmışdır:

• hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

• şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

• şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

• daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında;

• itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı);

• şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;

• vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında;

• notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə;

• vladlığa götürmə haqqında ərizələrə;

• şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;

• məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında;

• vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında;

• şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında;

• terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında;

• bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında;

• internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında.

Xüsusi icraat üzrə işlərdə tərəflər ərizəçi və maraqlı şəxslərdən ibarət olur. Belə ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə iddia icraatı qaydasında baxılır.

Oxunub: 3950