Onlara pulsuz eynəklər paylanması da nəzərdə tutulub
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso xidməti fəaliyyətinə tanınmış yaponiyalı alim və mötəbər Nansen Qaçqın Mükafatının laureatı, doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan “Fuji” humanitar missiyasının 6 optometrist mütəxəssisindən ibarət heyətini qəbul etməklə başlayıb.
BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, bu, “Fuji” humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Bu gün başlayan missiya 11 iyula kimi davam edəcək.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət 3-5 iyul tarixlərdə Gəncədə, 6-7 iyul tarixlərdə Şəmkirdə, 9 iyul tarixində isə Bakı şəhərində keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Yaponiyanın “Fuji” humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün “Fuji” humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə etmiş və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi qarşıya məqsəd qoyub.