Veteranlıq statusu kimlərə verilə bilər?

Veteranların hüquqları, veteran statusu verilən şəxslər, onların dövlət tərəfindən təmin edilən təminatları barədə normalar “Veteranlar haqqında” Qanunda müəyyən edilib. Həmin Qanuna əsasən veteranlığın müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı növü qeyd olunub.

“Müharibə veteranı” adı kimlərə və hansı qaydada verilir:

• ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;

• başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən;

• ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında;

• ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında;

• 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;

• Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında;

• 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında;

• Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müvafiq olaraq və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə şamil olunmur.

“Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün hara və necə müraciət etməliyəm?

• Ətraflı ərizə (hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə);

• Hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti və ya SHXÇDX-nin hərbi xidmət haqqında arayışı;

• şəxsiyyət vəsiqəsinin surəti;

• arxiv arayışı (əgər varsa, olmadığı təqdirdə komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır);

• məhkəmə qətnaməsi (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;

• amnistiya qərarı (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;

• əlillik vəsiqəsi (əgər varsa) notarial qaydada təsdiq olunmuş surəti;

• yaralanma, xəsarət və travma almış şəxslərin müayinə və müalicə haqqında sənədin surəti (əgər varsa);

“Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədlər tam və tələb olunan qaydada toplanılaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməlidir.

Silahlı qüvvələrin veteranları

Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar.

“Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir.

Əmək veteranları

Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir:

• iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;

• keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;

• Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;

• Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;

• Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;

• uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).

“Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün təsdiqedici sənədlərlə öz iş yerinə, əgər şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Veteranların hansı hüquqları var?

1. Veteranlar pensiyasını almaqla əvvəllər işlədikləri müəssisədə, təşkilatda, idarədə, yaxud mülkiyyət formasından asılı olmayaraq

• digər müəssisədə əmək fəaliyyətini davam etdirmək;

• sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

• hər hansı təsərrüfatçılıq formasına əsaslanan müəssisə yaratmaq hüququna malikdirlər.

2. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması

• qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına (birliklərinə) daxil olmaq sahəsində üstünlüklərə malikdirlər;

• müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir.

3. tibbi yardım

4. sanatoriya-kurort xidməti

5. mədəni xidmət

6. protez-ortopediya məmulatları – diş protezləri

7. Azərbaycan Respublikası Prezidentinin təqaüdü – aylıq 80 manat məbləğində (müharibə veteranlarına aiddir)

Benefisiar.org

Oxunub: 5945

Əvvəlki məqaləNeftçalaya yeni icra başçısı təyin edildi
Növbəti məqaləMSK yenidən formalaşdırılacaq