Qiyabi icraat nədir?

Mülki məhkəmə icraatı qaydasında aparılan işlərdə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. Qiyabi icraat zamanı işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir.

İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir:

• gəlməmiş tərəf Mülki Prosessual Məcəllə (bundan sonra MPM) ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;

• tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.

Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.

Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.

Oxunub: 3856