Daşınmaz əmlakın elektron qeydiyyatı necə həyata keçirilir?

Daşınmaz əmlakın dövlət qeydiyyatı daşınmaz əmlakla bağlı hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsidir.

Daşınmaz əmlakın qeydiyyata alınması, bu barədə sənədlərin rəsmiləşdirilməsi İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində həyata keçrilir. Ötən ildən dövlət reyestrindən çıxarışların kağız formada verilməsinə son qoyulub. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən düzəlişlərə uyğun olaraq belə çıxarışlar yalnız elektron formada verilərək elektron hökumət portalında yerləşdirilir, yaxud əmlak sahibinə elektron vasitələrlə, o cümlədən e-mail vasitəsilə təqdim olunur. Reyestrin müvafiq bölmələrində hər bir daşınmaz əmlak barədə məlumatlar saxlanılır, o cümlədən torpaq sahəsi və üzərindəki tikili də vahid əmlak olaraq qeyd olunur.

Dövlət reyestrindən elektron çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin onu elektron üsulla real vaxt rejimində əldə etməsi mümkündür.

Həmçinin, dövlət reyestrindən çıxarışı olan istənilən daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış sahəsi, torpaq sahəsi, mənzil və ya fərdi ev) dair məlumatla Daşınmaz Əmlakın Dövlət Reyestrinin saytından müəyyən ödəniş müqabilində tanış olmaq olar. Burada daşınmaz əmlakla bağlı 40-dan artıq əməliyyata dair məsələləri onlayn qaydada həll etmək mümkündür.

Portala gücləndirilmiş Elektron imza, Asan imza, vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə daxil olmaq mümkündür.

Hər bir daşınmaz əmlakın qanuni olub-olmaması barədə məlumat əldə etmək üçün dövlət reyestrində qeydiyyatı yoxlamaq gərəkdir. Qeydiyyat varsa, deməli həmin əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər qaydasındadır.

Benefisiar.org

Əvvəlki məqaləNotariat ofislər vətəndaşlara belə xidmət göstərməyə başlayıb
Növbəti məqalə190 manatın verilməsinə başlanıldı