İnzibati mübahisələrə hansı məhkəmələrdə baxıla bilər?

Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı  inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:

  • şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
  • inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
  • inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
  • inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
  • inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);
  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);
  • inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;
  • bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
  • “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində (ödəmə qabiliyyətini itirmiş bankın, o cümlədən bank holdinq şirkətinin təxirəsalınmadan və mümkün az məsrəflə maliyyə bazarından kənarlaşdırılması məqsədi ilə həmin qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsidir) verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.

İnzibati mübahisələrə birinci instansiya məhkəməsi tərəfindən baxılması qaydası

İnzibati Xətalar Məcəllənin müvafiq maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. İnzibati məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən təkbaşına baxılır.

İnzibati Məhkəmələrin ərazi yurisdiksiyası 

1.Bakı İnzibati Məhkəməsi

2.Gəncə İnzibati Məhkəməsi

3.Sumqayıt İnzibati Məhkəməsi

4.Şirvan İnzibati Məhkəməsi

5.Şəki İnzibati Məhkəməsi

6.Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

İnzibati mübahisələrə apellyasiya qaydasında baxılması qaydası

İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.

İnzibati mübahisələrə kassasiya  qaydasında baxılması qaydası

İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin  İnzibati kollegiyası tərəfindən baxılır. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.

Hazırladı: Şəfəq Süleymanova – hüquqşünas

Oxunub: 2849